Azərbaycanlı futbolçu: Türkiyədə illik qazancım 100 min dollara yaxın olacaqdı
13.01.2009 - 18:18
Azərbaycanlı futbolçu: Türkiyədə illik qazancım 100 min dollara yaxın olacaqdı
“Antalyada hazırlığını başa vuran “Girəsunspor” rəhbərliyi mənə komandaya qayıtmağı təklif etdi. Ancaq bunu qəbul etməyərək, Azərbaycana dönməyi qərara aldım. Orada 25 futbolçu var və sonuncu olmaq istəmirəm”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Girəsunspor” klubundan qovulan Azərbaycan olimpiya yığmasının sabiq futbolçusu Vasif Əliyev deyib.

Bu gün Bakıya qayıdan 21 yaşlı yarımmüdafiəçinin Girəsun təmsilçisinin yeni baş məşqçisi Əli Ərənlə işbirliyi baş tutmayıb: “Çətin ki, geniş heyəti olan bu mütəxəssis məni “18-liy”ə salsın. “Girəsunspor”un rəhbərliyi, köhnə baş məşqçisi məni bəyənmişdi. Belə olmasaydı, mənimlə müqavilə bağlamazdılar. Həmin vaxt yeni baş məşqçinin problem yaradacağını düşünmürdüm. Ancaq Ərən məni xoşlamadı. Yalandan “afərin” deməklə iş bitmir. Onunla söhbətim zamanı məni oynadacağına söz vermədi. Ərən mənə “səni bir futbolçu kimi bəyənirəm, ancaq belə çətin anda təcrübəli futbolçulara güvənməli olacağam” dedi. O, fikrini komandanın sükanı arxasına birinci divizionda yerini qorumaq məqsədilə gəlməsi ilə əsaslandırdı”.

Özünü “Girəsunspor”un futbolçularından zəif saymayan Əliyevin sözlərinə görə, Türkiyədə qazancı Azərbaycanla müqayisədə qat-qat çox olacaqdı: “Orada 18 yaşlı futbolçu bir ilə 60-80 min dollar qazanır. Məndə isə 100 min dollardan aşağı olmayacaqdı. “Girəsunspor”da hər oyuna mükafat 2500-3000, derbi oyunlara isə 10000 dolar nəzərdə tutulub. Ancaq oradakı qaydaya əsasən, futbolçunun gəliri keçirdiyi oyunların sayından asılıdır. “Girəsunspor”da qala bilərdim. Ancaq bu zaman oyun praktikası sarıdan əziyyət çəkəcəkdim. Mən isə Türkiyəyə ehtiyatda oturmağa yox, oynamağı getmişdim. Menecerimlə məsləhətləşdikdən sonra geri qayıtmağa qərara aldım”.

Qeyd edək ki, Vasif ilk dövrədə “Bakılı” klubunda çıxış edib.
0