Azərbaycan çempionu “Birlik Kuboku”na qələbə ilə yollanır
13.01.2009 - 19:10
Azərbaycan çempionu “Birlik Kuboku”na qələbə ilə yollanır
Bakının “İnter” klubu Türkiyənin Antalyadakı təlim-məşq toplanışını qələbə ilə başa vurub. Komandanın baş məşqçisi Valentin Xodukinin apasport.az saytına verdiyi məlumata görə, bu gün Rusiya Premyer Liqasında çıxış edən “Tom” klubunu 1:0 hesabı ilə məğlub ediblər. Son Azərbaycan çempionuna qələbən braziliyalı yarımmüdafiəçi Oliveyra Kleytonun ikinci hissədə vurduğu qol qazandırıb: “Komandamız bu oyunda layiqli qələbə qazandı. Baxışda olan Kabo-Verdeli müdafiəçi Jorc Pino da yaxşı təsir bağışladı. O, mənim xoşuma gəldi. Artıq Antalya hazırlığını başa vurmaq üzrəyik. İki gün sonra Moskvaya yollanacağıq”.

Ölkəmizi “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində təmsil edəcək “İnter” ilk oyununu yanvarın 17-də Qırğızıstanın “Dordoy-Dinamo” klubu ilə keçirəcək. Moskvadakı yarışa hazırlıq çərçivəsində Antalyada 4 yoxlama oyunu keçirən Xodukinin komandası “Tom”la yanaşı, Rusiyanın digər Premyer Liqa təmsilçisi – Nalçik “Spartak”ını 2:1, Hollandiyanın birinci divizionunda çıxış edən “Omnivorld” klubunu 1:0 hesabı ilə yenib, İordaniya milli komandasına uduzub – 0:2.
0