Dünyanın ikinci və üçüncü bombardiri Azərbaycana qarşı
14.01.2009 - 11:14
Dünyanın ikinci və üçüncü bombardiri Azərbaycana qarşı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2008-ci ilin yekunları ilə bağlı növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum ötən il ərzində keçirilən beynəlxalq oyunlarda ən azı 7 qol vuran oyunçuların sıralamasını tərtib edib. Bunu bacaran 93 futbolçu siyahısına Omanın “Əl-Mühərrəq” klubunda çıxış edən Lendson Dias da Silva başçılıq edir. Asiya klub turnirlərində 19 top vuran cənubi amerikalı hücumçu ən yaxın izləyicilərini 4 qol qabaqlayıb. Əhməd Səəd Əcəb Əl-Əzəmi Küveyt yığmasında 12, bu ölkənin “Əl-Qadisiyə” klubunda 3 qol vurmaqla, ikinci pilləyə sahib olub. Komandasının ən yaxşı bombardiri olan futbolçu fevralın 11-də keçiriləcək yoxlama oyununda Azərbaycan millisinin qapıçılarını da sınağa çəkəcək. Üçüncü yeri isə Avropanın ən məhsuldar oyunçusu Miroslav Kloze tutub. Almaniya milli komandasında 8, “Bavariya” ilə qitə kuboklarında 7 top vuran 31 yaşlı hücumçu yalnız yığmadakı göstəricisinə görə, küveytlidən geri qalıb.

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibi, bu il iki dəfə qarşılaşacağı Almaniya İFFHS-in siyahısında üç futbolçu ilə təmsil olunub. Belə ki, Avropanın ən məhsuldar oyunçusu olan Klozedən başqa, Lukaş Podolski və Mario Qomes də ən yaxşılar sırasında olub. “Bavariya”lı Podolski yığmada 7, klubda 3 dəfə fərqlənməklə dünyada 21-ci, əksinə, millidə 3, “Ştutqart”da 7 top vuran braziliyalı 22-ci mövqeni tutub.

Yığmamızı iki dəfə sınağa çəkəcək Rusiya da İFFHS-in siyahısında 3 oyunçu ilə təmsil olunub. 13-cü olan Pavel Poqrebnyak 12 (3-ü millidə, 9-u “Zenit”də), 70-ci olan Roman Pavlyuçenko 7 (6-sı millidə, 1-i “Spartak”da), 72-ci yeri tutan Andrey Arşavin 7 (5-i millidə, 2-si “Zenit”də) İFFHS-in sıralamasında yer alıb.

Türkiyənin siyahıdakı yeganə təmsilçisi Semih Şəntürk isə mövqeyini qoruya bilməyib. Bir ay açıqlanan cədvəldə 16-cı olan hücumçu bir pillə geriləyərək yekunda 17-ci olub. “Fənərbaxça”lı futbolçu ümumilikdə 11 - milli komandada 5, qitə kuboklarında isə 6 qol vurub.
0