“Milan” Azərbaycana gəlmək üçün 2 milyon avro istəyir
14.01.2009 - 11:52
“Milan” Azərbaycana gəlmək üçün 2 milyon avro istəyir
İtaliyanın “Milan” klubunun Azərbaycana səfəri baş tutmayacaq. Səfəri təşkil etmək istəyən Bakı “İnter”i ilə “Milan” arasında maliyyə məsələsində razılıq əldə olunmayıb. Bu haqda Lent.az-a paytaxt təmsilçisinin prezidenti Georgi Nikolov məlumat verib.

Onun sözlərinə görə, “Milan” Bakı “İnter”i ilə qarşılaşmaq üçün kifayət qədər yüksək məbləğ istəyib. Bu məbləğ 1,5 – 2 milyon avro civarında olub. Paytaxt klubunun rəhbərliyi isə hazırkı dünya maliyyə böhranı şəraitində bu məbləği ödəmək iqtidarında olmadıqlarını bildirib.

Nikolov hazırda digər variantlar üzərində işlədiklərini açıqlayıb: “Bu il biz 5 yaşımızı qeyd edəcəyik. “Milan”ı da Bakıya bu məqsədlə çağırmışdıq. İstəyirdik ki, onlarla yoldaşlıq görüşü keçirək. Lakin italyanların yüksək məbləğ tələb etmələri üzündən bu səfər baş tutmayacaq. İstənilən halda, biz yubileyimizi yüksək səviyyədə keçirəcəyik. Hazırda 5-ci ildönümümüz üçün tədbirlər planı hazırlayırıq”.

Klub prezidenti “Milan”ın əvəzinə Avropa səviyyəli klublardan birini paytaxtımıza dəvət edəcəklərini bildirib: “Əvvəlcə qitənin müxtəlif ölkələrində olan “İnter” klublarını Bakıya dəvət edib, mini-turnir təşkil etmək istəyirdik. İtaliya “İnter”i istisna olmaqla, Finlandiya, Xorvatiya və Avropanın digər ölkələrindəki eyniadlı klubları çağırmaq niyyətindəydik. Lakin hər bir klubun öz hazırlıq planı var və bu səbəbdən də onların səfəri də alınmayacaq. Düşünürəm ki, istənilən halda Avropada tanınan klublardan biri və ya bir neçəsini Bakıya gətirərək yubileyimizi yüksək səviyyədə keçirməyə müvəffəq olacağıq”.
0