Yığmamızın qapıçısı: Peter Çexdən xoşum gəlir
14.01.2009 - 13:03
Yığmamızın qapıçısı: Peter Çexdən xoşum gəlir
Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının və Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayev AFFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə ən yaxşı qapıçı seçilən 18 yaşlı futbolçu yarışla bağlı fikirlərini bildirib.

- Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə keçirilən gənclər arasında XXI beynəlxalq turnirdə ən yaxşı qapıçı adını qazanmağın münasibətilə səni təbrik edirik.
- Çox sağ olun, minnətdaram.

- Yarışa hazırlaşarkən bu mükafatı qazanacağını düşünürdünmü?
- Sözün açığı, bu turnirlərə hazırlaşarkən və yarışlarda iştirak edərkən ilk növbədə şəxsi uğurum yox, komandanın müvəffəqiyyəti barədə düşünürəm. Ən vacibi komandanın qələbə qazanmasıdır.

- Bildiyimizə görə, əvvəllər də müxtəlif turnirlərdə ən yaxşı qapıçı adına layiq görülmüsən…
- Bəli, bu, beynəlxalq yarışlarda qazandığım dördüncü mükafatdır. Bundan əvvəl Türkiyənin Trabzon şəhərində keçirilən I Qara dəniz oyunlarında, Litvadakı Palanqa turnirində və Mahaçqalada təşkil olunan beynəlxalq turnirdə ən yaxşı qapıçı adını qazanmışam.

- Turnir ərzində keçirilən oyunlar zamanı təkbətək mübarizələrdə çox inamlı çıxış etdiyinin və belə anlarda rəqib hücumçulara fərqlənməyə imkan vermədiyinin şahidi olduq. Məşqlərdə bunun üzərində xüsusi olaraq çalışırsanmı?
- Məşq prosesində müxtəlif fəndlərlə yanaşı, təkbətək mübarizələrdən qalib ayrılmaq üçün tələb olunan hərəkətləri də tez-tez icra edirəm. Bu vərdişlərə yiyələnməyimdə böyük zəhməti olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçılar üzrə məşqçisi Ramiz Əhmədova və çıxış etdiyim klubda eyni vəzifədə çalışan Cəmaləddin Əliyevə minnətdarlığımı bildirirəm.

- Ölkə çempionatında çıxış edən əksər qapıçılar çıxışlarda tez-tez səhvə yol verirlər. Belə oyun epizodlarında çətinlik çəkmirsən ki?
- Xeyr. Belə bir problemim yoxdur. Sadəcə, turnirin son oyununda – Latviya yığması ilə qarşılaşmada zədəli olduğum üçün 2 epizodda çıxışda müəyyən qədər səhvə yol verdim. Daha doğrusu, topu istədiyim kimi uzaqlaşdıra bilmədim.

- Turnirin ilk oyununda – Belarus yığması ilə görüşdə qapını vaxtında tərk etmədiyin üçün rəqib fərqlənə bildi. Həmin epizod barədə nə deyə bilərsən?
- Rəqib hücumçunun yaxınlığında iki müdafiəçimiz olduğu üçün qapını tərk etmədim. Təəssüf ki, müdafiəçilərlə mənim aramda yaranan anlaşılmazlıq rəqibin qol vurması ilə nəticələndi. Yeri gəlmişkən, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadəyə təşəkkür edirəm ki, ilk oyunda səhvə yol verməyimə baxmayaraq, növbəti qarşılaşmalarda da mənə etimad göstərdi və nəticədə turnirin ən yaxşı qapıçısı adını qazandım.

- Klubun heyətində, demək olar ki, həmişə ehtiyatda qalırsan. Yığmanın düşərgəsində olarkən oyun praktikasının azlığından əziyyət çəkirsənmi?
- Əlbəttə, ölkə çempionatında nə qədər çox meydana çıxsam, hazırlıq səviyyəm bir o qədər yüksək olar.

- Ən çox bəyəndiyin yerli və əcnəbi qapıçının adını deyə bilərsənmi?
- Milli komandamızın və «Xəzər-Lənkəran» klubunun qapıçısı Kamran Ağayevin oyununu çox bəyənirəm. Əcnəbilərdən isə Çexiya yığmasının və «Çelsi» klubunun qolkiperi Petr Çexin çıxışından xoşum gəlir.
0