Azərbaycan FİFA-nın reytinq siyahısında mövqeyini qorudu
14.01.2009 - 13:02
Azərbaycan FİFA-nın reytinq siyahısında mövqeyini qorudu
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) bu il üçün ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası 2009-cu ilə 134-cü pillədə başlayıb. Hesabında 208 xal olan yığmamız mövqeyini dəyişməyib.

UEFA-nın sıralamasında 48-ci olan komandamızın cari seçmə mərhələdə rəqiblərindən yenə də Almaniya ilə Rusiya ilk “onluq”da qərarlaşıb. Mövqelərini qoruyub saxlayan almanlar (1389 xal) 2-ci, ruslar (1103 xal) 9-cu pillədə yer alıb.

Finlandiya (55-ci yer, 535 xal) ilə Uels (60-cı yer, 522 xal) də yerlərində qalıb. Yalnız Lixtenşteyn iki pillə geriləyərək, 151-ci yerə düşüb. “Cırtdan ölkə”nin təmsilçisinin hesabında 147 xal var. Milli komandamızın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yoldaşlıq görüşləri keçirəcəyi Özbəkistan 485 xalla 69-cu, Küveyt 260 xalla 118-ci pillədə qərarlaşıb.

Siyahıya yenə də son Avropa çempionu İspaniya yığması (1663 xal) başçılıq edir. İlk “üçlüy”ü 1338 xalla Hollandiya millisi qapayır. Türkiyə yığma komandası da 8-ci pillədə qalıb – 1016 xal. Son reytinq hesablanan müddətdə yığmaların oyunları çox az keçirildiyindən, milli komandaların əksəri əvvəlki mövqelərində qalıb.

0