Azərbaycan milli komandası və ətalət qanunu
14.01.2009 - 14:29
Azərbaycan milli komandası və ətalət qanunu
Azərbaycan milli komandası bu gün açıqlanan FİFA-nın reytinq cədvəlində ardıcıl 3-cü dəfə eyni pillədə yer alıb. Apasport.az saytının məlumatına görə, bu, ötən ilin noyabrından bəri 134-cü yerdə qərarlaşan yığmamızın tarixində ilk belə hal deyil.

Bu vaxta qədər ölkəmizin 3 dəfə dalbadal eyni mövqeni tutması daha iki dəfə baş verib. Milli komandamız 1995-ci ilin dekabrından 1996-cı ilin fevralınadək (141) və 1996-cı ilin noyabrından 1997-ci ilin yanvarınadək (125) məhz belə göstəriciyə imza atıb.

Yığmamız hətta dörd dəfə eyni pillədə (114) qalsa da, bu da rekord sayılmır. Ən ətalətli dövrümüz 2005-ci ilin martından avqustunadək davam edib. Həmin vaxt Azərbaycan 116-cı yerdən tərpənmək bilmirdi.

Qeyd edək ki, FİFA-nın hər ilin əvvəlində ilk reytinqlərini nəzərə alsaq, 134-cü yer bizim üçün son 13 ildə ən pis göstəricidir. Bundan öncəki ən aşağı göstəricilər 1995-ci ildə 148-ci, 1996-cı ildə 141-ci olub. Azərbaycan FİFA-nın reytinqində 1997-ci ilə 125-ci, 1998-ci ilə 124-cü, 1999-cu ilə 101-ci, 2000-ci ilə 97-ci, 2001-ci ilə 115-ci, 2002-ci ilə 113-cü, 2003-cü ilə 116-cı, 2004-cü ilə 114-cü, 2005-ci ilə 115-ci, 2006-cı ilə 114-cü, 2007-ci ilə isə 127-ci pillədə başlayıb.
0