Azərbaycan çempionu ayı axtarışına çıxıb
14.01.2009 - 15:12
Azərbaycan çempionu ayı axtarışına çıxıb
“Azərbaycan heç də düşündüyünüz qədər geridə qalmış ölkə deyil. Bakının kifayət qədər inkişaf etmiş şəhər olduğunu söyləmək olar. İnsanları da çox mülayimdir. Əksər hallarda şəhəri gəzməyə gecələr çıxıram. Təhlükəli heç nə yoxdur. Şəhərin restoranlarında isə hər nə istəsən tapa bilərsən”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun çexiyalı futbolçusu Bronislav Çervenka deyib.

Ötən mövsüm Azərbaycan çempionu olan 34 yaşlı yarımmüdafiəçi Çexiya mətbuatına verdiyi müsahibədə ölkəmizdə hər hansı problemlə üzləşmədiyini bildirib: “Sadəcə, Bakıdakı yollar olduqca pisdir. 250 kilometri qət etmək üçün 7 saat vaxt itirirsən. Yol kənarında köhnə evlər, qarşısında yerli adamlar əyləşib. Oturub çay içərək, öz oyunlarını oynayırlar. Azərbaycanda az qala hamı rus dilini bilir ki, bu da mənim üçün üstünlükdür. Elə insanlar var ki, ümumiyyətlə rus dilinə üstünlük verir. Hətta adama elə gəlir ki, Bakı da Rusiya şəhərlərindən biridir. Universitetdə rus dili təhsili almağım işimə yarayır. Sadəcə, biliyimi bir balaca yeniləmək lazımdır. Azərbaycan dilində isə “salam-əleyküm” və “çox sağ ol” sözlərini öyrənmişəm. Onların dili türkcəyə çox bənzəyir. Bizim çex və slovak dillərinin yaxınlığına oxşayır”.

Başına gələn ən maraqlı əhvalatı unutmayan Çervenka sən demə ölkəmizdə ayı axtarırmış: “Biz Bakıdan kənarda oynayacaqdıq. Qaldığımız şəhərdə bizə xəbərdarlıq etdilər ki, oteli tərk etməyin. Yaxınlıqda ayıların gəzdiyini iddia edirdilər. Hətta bir nəfər bu heyvanların qidalanmaq üçün otelin həyətinə də gəldiyini söylədi. Buna baxmayaraq, gecə oteli tərk etdim. Ancaq qarşıma ayı çıxmadı”.

Komandadakı durumundan razı olan Bronislav legionerlərin çoxluğuna izah da tapıb: “Komandamızda 16 legioner var. Serb, rus, ukraynalı, moldovalı, braziliyalı, boliviyalı, üstəgəl yerli oyunçular – bütün futbolçuları təmin etmək də lazımdır. Payızda meydana 10 legioner və bir azərbaycanlı futbolçu çıxırdı. Yerli oyunçular da pis deyil. Sürət və texnikaları göz oxşayır. Amma taktika onlara heç nə demir. Bu futbolçular hələ öyrənməlidir. Bu səbəbdən baş məşqçimiz Valentin Xodukin taktika ilə tanış olanlara güvənir”.
0