Pavlyuçenko: Azərbaycanla oyuna məmnuniyyətlə gələcəyəm
29.01.2009 - 12:20
Pavlyuçenko: Azərbaycanla oyuna məmnuniyyətlə gələcəyəm
“Aldığım zədədən sonra səhhətim yaxşıdır. Qarşıdakı rəsmi oyunlar öncəsi hər şey qaydasında olsa və məşqçilər məni dəvət etməyə lazım bilsələr, Azərbaycan və Lixtenşteynlə oyunlara məmnuniyyətlə gələcəyəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının cari seçmə mərhələdə qarşıdakı rəqibi olan Rusiya yığmasının hücumçusu Roman Pavlyuçenko deyib.

Cari mövsümdən Londonun “Tottenhem” klubunun şərəfini qoruyan 27 yaşlı hücumçu milli komandamızla oyuna hazırlığın bir mərhələsi kimi, fevralın 8-dən 12-dək Antalyada keçiriləcək toplanışa çağırılmayıb. Pavlyuçenko bunu normal qarşılayır: “Məşqçilərin haqqımda çıxardığı qərarı ölçüb-biçilmiş sayıram. Milli komandamızın məşqçisi Aleksandr Borodyuk bir neçə dəfə mənimlə əlaqə saxlayaraq, vəziyyətlə maraqlanırdı. Mən ona izah edirdim ki, “Tottenhem”in fevralın 8-də “Arsenal”la vacib oyunu var. Yalnız bu görüşdən sonra, yəni fevralın 9-da axşam saatlarında yığmanın düşərgəsinə gələ bilərəm. Belə çıxır ki, yalnız iki məşqim və iki ağır uçuşum olacaq. Təbii ki, son qərar yığmanın məşqçiləri qalırdı. Əgər onlar məni çağırmadılarsa, deməli, yorucu gediş-gəlişin əvəzinə ailəmin əhatəsində iki gün keçirməyimin, İngiltərə Premyer-Liqasının ağır qrafikindən istirahət etməyinin daha yaxşı olduğunu hesab etdilər. Üstəlik, daim oynayıram və deməli, üzdəyəm. Belə olan halda, toplanış müddətində hansı formada olduğumu nəzərdən keçirməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, ruslar milli komandamızla ev oyununu martın 28-də “Lujniki” stadionunda keçirəcək.
0