Deyan Brankoviç: “Bakı” avrokuboklara vəsiqə qazanmalıdır!
29.01.2009 - 17:02
Deyan Brankoviç: “Bakı” avrokuboklara vəsiqə qazanmalıdır!
“Klub rəhbərliyinin qarşımıza qoyduğu əsas tələb avrokuboklara vəsiqə qazanmaqdır. Bizim üçün yaxşı şərait yaradılıb və bütün ehtiyaclarımız ödənir. “Bakı”nın Premyer Liqada çempion olacağına inanıram”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun serbiyalı müdafiəçisi Deyan Brankoviç deyib.

Klubun rəsmi saytına müsahibə verən futbolçu baş məşqçi Qyoko Hacıyevskinin “Bakı”ya gətirdiyi ilk futbolçudur. Artıq dörd aya yaxındır oynamayan Brankoviç ağır zədədən sonra yeni sağalıb: “İlk dövrənin əvvəlində “Qarabağ”la matçda ciddi zədə almışdım. Klub rəhbərliyinin qayğısı nəticəsində Almaniyada əməliyyat olundum. Əməliyyat uğurla keçdi. Artıq bərpa prosesini geridə qoymuşam və indi özümü əla hiss edirəm. Mənə 10-15 gün lazımdır. Hal-hazırda əsas məqsədim məşqlərdə iştirak edərək, əvvəlki formamı bərpa etməkdir”.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Deyan qış fasiləsində Saşa Yunisoğlunun transferindən sonra əsas heyətdə düşməsi daha da çətindir. Ancaq serb start heyətində yerini qaytaracağına əmindir: “Komandamızda böyük rəqabət var və buna tam hazıram. Amma seçim həmişə olduğu kimi baş məşqçinindir. Kimi güclü, hazır biləcəksə, onu da əsas heyətdə oyuna buraxacaq. Mən qarşıma məqsəd qoymuşam – oynamalıyam!”.

Makedoniya vətəndaşlığını da daşıyan Brankoviç “Bakı”nın yoxlama oyunlarında uğursuz nəticə göstərməsi ilə bədbinləşməyə əsas vermir: “Hal-hazırda komandamız tam heyətlə məşq edə bilmir. Müxtəlif səbəblərdən bəzi futbolçularımız keçirdiyimiz yoldaşlıq oyunlarında da komandaya kömək edə bilmədi. Keçirdiyimiz oyunlarda komandanın çatışmazlıqları üzə çıxdı. Hacıyevskinin məşq proqramına uyğun çalışırıq. Çempionatın gedişi zamanı komandamızın nəyə qadir olduğunu görəcəksiniz. Hal-hazırda heyətimizdə bir neçə səviyyəli futbolçular baxışdadır. Onların da köməyi ilə biz çempion olacağıq. Komandada bir-birindən güclü 25 futbolçu var”.
0