“Bakı” klubunun vitse-prezidenti Tümər Mətinlə danışıqlara getdi
29.01.2009 - 21:11
“Bakı” klubunun vitse-prezidenti Tümər Mətinlə danışıqlara getdi
“Tümər Mətinlə danışıqlar aparmaq üçün komandamızın hazırlıq keçdiyi Antalya şəhərini tərk edib, İstanbula yollanmışam”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun türkiyəli vitse-prezidenti Tunc Afşar deyib.

Onun sözlərinə görə, 34 yaşlı yarımmüdafiəçinin keçidinin reallaşmaq ehtimalı artır: “Avropada “transfer pəncərəsi”nin bağlanmasına lap az qalıb. Biz də elə bunu gözləyirdik. Çünki futbolçunun yanvarın 31-dən sonra Avropa klubuna keçidi mümkün olmayacaq. Azərbaycan Premyer Liqasında isə qış “transfer pəncərəsi” fevralın 13-də bağlanır. Göründüyü kimi, kifayət qədər vaxtımız var və Avropada transfer müddətinin baş çatmaq üzrə olması, Tümərin “Bakı”ya keçmək şansını artırır. Bildiyimə görə, Mətin hazırda Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimlə görüşdədir. Yığmamızın fevralın 11-də İzmirdə Fil Dişi Sahili ilə yoldaşlıq görüşünə hazırlıq planları müzakirə olunur. Tümər Terimin güvəndiyi futbolçulardandır”.

Afşar bildirib ki, həmyerlisinin son vaxtlar çıxış etdiyi “Fənərbaxça” keçidə problem yaratmayacaq: “Sağ olsun, dostlarımızın vasitəçiliyi ilə bu məsələni həll etmişik. “Fənərbaxça” Tümərin keçidinə görə bizdən kompensasiya istəmir. Maddi məsələləri müzakirə etmişik və transfer qiyməti münasibdir. Bu baxımdan heç bir problem yoxdur. İndi Tümərin son sözünü deməsi qalıb”.

Vitse-prezident vurğulayıb ki, Tüməri Bakıya dəvət edib, onun buradakı vəziyyət, infrastruktur, stadionlarla tanış olması nəzərdə tutulub: “Onun bu səfərini həftəsonu reallaşdırmaq planlaşdırılıb. Razılıq olarsa, Mətin “Bakı” ilə müqaviləyə imza atacaq. Anlaşmanın “6 ay + 1 il” olması nəzərdə tutulub. Yəni, cari mövsüm bitəndən sonra Mətinlə müqavilənin daha bir illiyə uzadılması məsələsi müzakirə olunacaq”.
0