Azərbaycan yığmasının Özbəkistan və Küveytlə keçirəcəyi yoxlama görüşlərinin nəticələri FİFA-nın reytinq cədvəlinə düşəcək
30.01.2009 - 00:00
Azərbaycan yığmasının Özbəkistan və Küveytlə keçirəcəyi yoxlama görüşlərinin nəticələri FİFA-nın reytinq cədvəlinə düşəcək
Azərbaycan milli komandasının fevralda keçirəcəyi 3 yoldaşlıq görüşünün ikisi FİFA tərəfindən qeydə alınacaq. Bu barədə apasport.az saytına açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, yığmamızın fevralın 1-də Özbəkistan, ayın 11-də isə Küveytə qarşı keçirəcəyi oyunun nəticələri növbəti dəfə açıqlanacaq reytinq cədvəlində əksini tapacaq.

“Qaydalara əsasən, üz-üzə gələn yığmaların rəhbərlikləri FİFA-ya müraciət edərsə, həmin matç rəsmən qeydə alınır. Həm biz, həm də Özbəkistan tərəfi dünyanın ən ali futbol təşkilatına məktub yollamışıq. Yoldaşlıq görüşünün “FİFA-nın pəncərəsi”ndən 10 gün əvvəl keçiriləcəyinə baxmayaraq, qarşılaşmanın nəticəsi reytinq cədvəlində əksini tapacaq. Artıq oyun barədə FİFA-nın rəsmi İnternet saytında da məlumat var” – deyə Məmmədov vurğulayıb.

Üstəlik, Küveytlə oyun FİFA-nın yoldaşlıq görüşləri üçün ayırdığı tarixə düşəcək. Lakin milli komandamızın fevralın 7-də Çexiyanın “Slaviya” klubu ilə görüşünü FİFA nəzərə almayacaq.
0