“Bakı” Mərakeş yığmasının futbolçusu ilə müqavilə bağlayır
30.01.2009 - 10:42
“Bakı” Mərakeş yığmasının futbolçusu ilə müqavilə bağlayır
“Bakı” daha bir legionerin transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı komandası baxışa çağırdığı Mərakeş yığmasının futbolçusu Hasan Suari ilə müqavilə bağlayacaq.

Klubun vitse-prezidenti Zeynal Məmmədov artıq Suari ilə müqavilənin şərtlərinin müzakirə olunduğunu bildirib. Belə ki, baş məşqçi Qyoko Hacıyevski bəyəndiyi futbolçunu qarşıdakı rəsmi oyunlarda da sərəncamında görmək istəyir. Afrikalı ilə anlaşmanı yaxın günlərdə rəsmiləşdirəcəklərini açıqlayan Məmmədov baxışda olan digər hücumçu braziliyalı Vilyam Roşa Batista ilə bağlı da fikir bildirib: “Batista məşqlərdə pis təsir bağışlamır və artıq komandamızın heyətində bir yoxlama oyununda forma geyinib. Düzü, belə qısa müddətdə onunla bağlı qəti fikir söyləmək çətindir. Qarşıda daha iki yoxlama görüşümüz qalıb ki, bu qarşılaşmalarda braziliyalını bir daha sınayacağıq. Yalnız bundan sonra hər hansı fikir formalaşa bilər”.

Qeyd edək ki, Suari və Batista “Bakı”nın düşərgəsinə komandanın təlim-məşq toplanışı keçirdiyi Türkiyənin Antalya şəhərində qatılıb.
0