Zeynal Məmmədov: “Bakı” Avropada da fərqlənməlidir
30.01.2009 - 10:45
Zeynal Məmmədov: “Bakı” Avropada da fərqlənməlidir
“Antalya toplanışı çempionatda layiqli nəticə qazanmaq baxımından çox önəmlidir. Məqsədimiz Avropa miqyaslı yarışlarda iştirak etməkdir. Ümumiyyətlə, hədəflərimiz böyükdür və qarşıda duran vəzifələrin həllinə nail olmaq üçün rəqabətə davamlı kollektiv yaradırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

O, klubun rəsmi internet saytına müsahibəsində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən komandanın hədəflərindən danışıb: “Bakı” tək Azərbaycanda deyil, Avropada da layiqli oyunu ilə fərqlənməlidir. Təcrübəli məşqçimiz Qyoko Hacıyevski uğur qazanmağın sirrini bilən dünya səviyyəli mütəxəssisdir. Qarşımızda onun futbol fəlsəfəsinə arxalanaraq, Azərbaycan futbolunu dünya səviyyəsində tanıtmaq kimi şərəfli bir vəzifə durur. Bu yolda səbrlə, addım-addım irəliləyirik. Əminəm ki, nəticə ölkə futbolsevərlərinin ürəyincə olacaq”.

Məmmədov qarşılarına qoyduqları vəzifələrə çatmaq üçün komandada yaranan rəqabətin də zəruri olduğunu düşünür: “Futbolçular tam gücləri ilə məşqlərini davam etdirirlər. Hər bir futbolçu əsas heyətdə yer almaq üçün rəqabət aparmalı olacağını bilir. Bu rəqabəti artıq komandamızda baxışda olan bir neçə futbolçu da öz üzərində hiss edib və özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar”.
0