Fərzad Hatəmi “Qəbələ”yə qayıtdı
30.01.2009 - 10:56
Fərzad Hatəmi “Qəbələ”yə qayıtdı
İranlı hücumçu Fərzad Hatəmi yenidən “Qəbələ” klubuna qayıdıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının ilk dövrəsindən sonra transferə çıxarılan 23 yaşlı futbolçu yenidən qəbələlilərin düşərgəsində yer alıb.

Hatəmi Polşanın “Arka” klubu ilə yoxlama matçında (2:1) əsas heyətdə yer alıb. Əslən Cənubi Azərbaycandan olan Fərzad milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts tərəfindən dəvət almışdı. Ancaq hücumçu yığmamızda oynamaq təklifini qəbul etməyərək, bunu İranda ailəsinə olan mümkün təzyiqlərlə əsaslandırmışdı.

“Qəbələ”nin baxışa çağırdığı yeni futbolçu da “Arka” ilə görüşdə əsas heyətdə yer alıb. Bu, Latviyanın “Riqa” klubundan gələn Anton Trifonovdur. 1,86 metr boya malik qapıçı polşalılarla matçda penalti zərbəsindən sonra top buraxıb. Baxışa gələn digər qapıçı – Gürcüstan milli komandasına cəlb olunan Mirza Merliani fasilədən sonra Trifonovu əvəzləyib.
0