“Branimir Subaşiç bizə lazım deyil”
30.01.2009 - 12:48
“Branimir Subaşiç bizə lazım deyil”
Türkiyənin Antalya şəhərində olan “İnter” klubunun düşərgəsində yalnız bir yeni futbolçu var. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Valentin Xodukin məlumat verib. Onun sözlərinə görə, Kabo-Verdeddən olan müdafiəçi Corc Pino haqda hələ qərar çıxarılmayıb: “Corcu Antalyadakı ilk toplanış müddətində sınadığımızdan, potensialına bələd olmuşuq. Ancaq hələlik onunla müqavilə imzalamamışıq. Cərrahiyyə əməliyyatı olunduğu üçün uzun müddətdir oynamayan Vladimir Levin düşərgəmizə qayıdıb. Hazırda bərpa prosesi keçir. Əsas qapıçımız olan Junior Vilson fevralın 2-də sıralarımıza qayıdacaq”.

Latviya milli komandasının yarımmüdafiəçisi Andrey Layzansın məsələsinin hələ açıq qaldığını vurğulayan Xodukin bildirib ki, daha bir hücumçuya ehtiyacı var: “Azərbaycanda oynamış, bura artıq adaptasiya olunmuş hücumçu götürəcəyik. Ancaq bunu deməklə, hələ ötən yay komandamıza keçmək variantı olan serbiyalı hücumçu Branimir Subaşiçi nəzərdə tutmuram. Məgər o, “Srvena Zvezda” klubunu tərk edərək, Azərbaycana qayıdır?”
0