Rasim Kara: Azərbaycanda çalışmaq istəsəm də, mənimlə maraqlanan yoxdur
30.01.2009 - 13:34
Rasim Kara: Azərbaycanda çalışmaq istəsəm də, mənimlə maraqlanan yoxdur
“Hələ ki, istirahət edirəm. Məşqçilik fəaliyyətimi harada davam etdirəcəyimə gəlincə, 3-4 komanda var ki, onlarla danışıqlar aparıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” və “Qarabağ” klublarının sabiq baş məşqçisi Rasim Kara deyib.

İki ay əvvəl növbəti dəfə Lənkəran təmsilçisindən ayrılan 59 yaşlı mütəxəssis bildirib ki, yenidən Azərbaycanda çalışmağın əleyhinə deyil: “İranın “Persepolis” klubu da onların arasındadır. Digərlərinin adlarını açıqlamaq istəmirəm. Çünki konkret bir şey yoxdur, yalnız danışıqlar gedir. Azərbaycandan isə təklif almamışam. Təbii ki, yenidən ölkənizə qayıtmaq istəyərdim. Amma hər şey qismətdən asılıdır”.

Fasilələrlə dörd ilə yaxın ölkəmizdə çalışan Kara vətəninə xoş xatirələrlə qayıdıb: “Azərbaycanı tərk etsəm də, futbolunuzu izləməkdə davam edirəm. Premyer Liqa oyunlarına da televiziya vasitəsilə baxacağam. İndi isə əksər komandalarınız Antalyada təlim-məşq toplanışındadır. Bir müddət əvvəl məşqçilər üçün orada təşkil olunan seminara qatılmışdım. Klublarınızın məskunlaşdığı oteldə qaldığımdan onlarla görüşürdüm. Həmkarım Valentin Xodukinlə də, bəzi futbolçularla da söhbət etdim. Azərbaycanla bağlı xatirələrim çox şirindir”.
0