Türkiyənin məşhur xəstəxanası “Bakı” klubunun sponsoru olacaq
30.01.2009 - 14:05
Türkiyənin məşhur xəstəxanası “Bakı” klubunun sponsoru olacaq
Türkiyənin məşhur “Acıbadem” xəstəxanası “Bakı” futbol klubuna himayədarlıq edəcək. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib.

Onun sözlərinə görə, məsələ artıq bu gün rəsmiləşəcək: “Vitse-prezidentimiz Zeynal Məmmədov bununla bağlı İstanbula gəlir. İndi onu qarşılamağa gedirəm. “Acıbadem” rəhbərliyi ilə görüşümüz olacaq. Bu məsələdə vasitəçi oldum və əməkdaşlıq müqaviləsi il yarımlıq nəzərdə tutulub. Bu müddətdə həmin klinikada tibbi xərclər 100-150 min dollara başa gəlir. Misal üçün, braziliyalı futbolçumuz Fabio Luis Ramimi ilk dövrədə zədəsinə görə Türkiyəyə cərrahiyə əməliyyatına yolladıq. Azərbaycan yığmasında da çıxış edən bu oyunçunun əməliyyatı üçün 10 min dollar ödədik. İndi bu əməliyyatlar, ümumiyyətlə, tibbi müayinə bizim üçün pulsuz olacaq”.

Afşar bildirib ki, “Acibadem”in xidməti təkcə əsas komandaya şamil olunmayacaq. Yəni, “Bakı”nın əvəzedici, hətta aşağı yaş qruplarından ibarət komandaları, uşaq futbolçuları üçün belə imkan yaradılacaq: “Allah eləməsin ki, futbolçularımız zədə alsın, yaxud əməliyyat olunsun. Ancaq idmanda belə şeylər tez-tez olur. “Acıbadem” xəstəxanasının xidmətindən Türkiyənin böyük klubları “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”la yanaşı, milli komanda da istifadə edir. İstanbulda yerləşən xəstəxananın Ankara və Bursada da şöbələri var. Rəsmi müqavilə imzalandıqdan sonra futbolçularımız orada müxtəlif tibbi xidmətlərdən istifadə edəcək, həkim nəzarətindən keçəcək. Bu eyni zamanda, futbolçuların mövsüm öncəsi ümumi müayinədən keçməsinə da şamildir”.
0