Cahangir Həsənzadə: Bura bazar deyil, hamı hamını yaxşı tanıyır
30.01.2009 - 16:24
Cahangir Həsənzadə: Bura bazar deyil, hamı hamını yaxşı tanıyır
“Bu gedişlə cari mövsümün sonuna kimi klubsuz qalacağam. Vəziyyətdən asılı olaraq, bununla barışmalı olursan”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq qapıçısı Cahangir Həsənzadə deyib.

“Qəbələ” klubunun transferə çıxardığı 30 yaşlı futbolçu harada oynayacağını hələ müəyyənləşdirməyib. Türkiyədə də özünə klub tapa bilməyən qapıçının “Muğan”a keçidi baş tutmadığından, yaya qədər oynamayacağı real görünür: “Əsas problem “Qəbələ”nin mənə görə istədiyi kompensasiya ilə bağlı oldu. Məni transfer etmək istəyən “Muğan”a güzəştə gedilmədi. Türkiyədə artıq “transfer pəncərəsi” bağlandığından, bu məsələ demək olar bağlanıb”.

Həsənzadə ilə yanaşı, iranlı Fərzad Hatəmi də transferə çıxarılsa da, yenidən “Qəbələ”yə qaytarılıb. Qapıçı bu xəbəri təəccüblə qarşılayıb: “Hər futbolçunun öz xüsusiyyəti var. Düzdür, mənim də “Qəbələ” ilə mövsümün sonuna kimi müqaviləm var və həmin vaxta kimi bu kluba məxsusam. Ancaq rəhbərlik haqqımda belə qərar çıxarıbsa, yəqin əvəzimə yeni qapıçı nəzərdə tutublar. Transferə çıxarılmışamsa, geri qayıtmağım düzgün olmazdı”.

Premyer Liqada qış “transfer pəncərəsi”nin bağlanmasına hələ iki həftə qalsa da, Cahangir başqa komandaya keçidini real saymır: “Qəbələ”ni çıxsaq, 13 klubumuz var. Bura bazar deyil, hamı hamını yaxşı tanıyır. Yəni, klublar futbolçuların harada olması haqda məlumatlıdır. Mövsümün sonuna kimi oyun praktikası sarıdan korluq çəkməmək üçün klub tapmağa çalışıram. Ancaq bu, mümkün olmasa, yalnız məşqlərlə kifayətlənib, yayı gözləməli olacağam. Həmin vaxt müqaviləm bitdiyindən sərbəst futbolçu olacağam və rahat bir kluba keçərəm. “Qəbələ”nin mənim kimi transferə çıxardığı Fərrux İsmayılovun zəngini gözləyirəm. Onunla heç cür əlaqə saxlaya bilmirəm. Türkiyədə işim alınmadı. İstəyirəm ki, heç olmasa Fərruxun bu ölkədə işi alınsın”.
0