“Simurq” ilk məğlubiyyətini aldı
30.01.2009 - 17:45
“Simurq” ilk məğlubiyyətini aldı
Gürcüstanda təlim-məşq toplanışı keçirən Zaqatalanın “Simurq” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis Roman Pokoranın yetirmələri iki gün əvvəl olduğu kimi yenə “Olimpi” ilə üz-üzə gəlib.

Rustavi təmsilçisi ilə ilk qarşılaşmada qolsuz sülhlə kifayətlənən “Simurq” bu dəfə məğlub olub – 1:2. Zaqatalalıların yeganə qolunu 60-cı dəqiqədə gürcüstanlı legioner David Bolkvadze vurub.

Qeyd edək ki, “Olimpi” ilə matçlara qədər daha bir qüvvəsini sınamış zaqatalalılar Tiflis toplanışına “Dinamo-2” üzərindəki böyük hesablı (3:0) qələbə ilə başlamışdı. “Simurq”un rəqibinə gəlincə, 2006-cı ilə qədər Tiflisi təmsil edən komanda “Merani-91”, “Olimpi”, “Tbilisi” adları altında çıxış edib.

Iki il yarım əvvəl Rustaviyə köçən klub əvvəl şəhərin adı ilə sonra isə “Olimpi” kimi çıxış edib. Hazırda Gürcüstan çempionatında üçüncü pillədə qərarlaşan rustavililər 2007-ci ildə ölkə çempionu olub.
0