“Bakı” klubunun vitse-prezidenti: Tümər səviyyəsində 100 futbolçu ala bilərik
02.02.2009 - 13:58
“Bakı” klubunun vitse-prezidenti: Tümər səviyyəsində 100 futbolçu ala bilərik
“Tümər Mətinin komandamıza keçidi 90 faiz həll olunmuşdu. İlkin razılığını aldığımız türkiyəli futbolçunun müqaviləyə qol çəkəcəyini gözləyirdik”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib.

O, “Fənərbaxça” ilə yollarını ayıran Tümər Mətinlə danışıqlar aparsa da, bu, müsbət nəticələnməyib. 34 yaşlı yarımmüdafiəçi bir illik fasilədən sonra Yunanıstanın “Larisa” klubuna qayıtmağı üstünlük verib. Afşarın sözlərinə görə, Tümərlə maddi məsələləri razılaşdırılıbmış: “Danışıqlar nəticəsində demək olar hər şeydə ortaq məxrəcə gəlmişdik. Ancaq Mətin son anda “Larisa” variantına üstünlük verdi. Tümər “Bakı” ilə müqayisədə Yunanıstanda oynamaq daha sərfəli olduğu üçün bu ölkənin təmsilçisi ilə müqavilə imzaladı. Biz ona uğurlar arzuladıq. Tümər peşəkar futbolçudur, bu yaşda harada oynamaq ona sərfəlidirsə, onu da dəyərləndirir. Biz də bunu normal qarşıladıq”.

“Bakı” ötən yay Avropa çempionatının bürünc mükafatçısı olan Tümərə altı aylıq müqaviləyə görə 250 min dollar verməyə hazır idi. Afşar Mətinlə mübarizədə uduzduqları Yunanıstan təmsilçisindən maddi planda geri qalmadıqlarını düşünür: “Hesab etmirəm ki, “Larisa”nın maddi vəziyyəti “Bakı”dan üstündür. Yunanlar Mətinə yarım il üçün təxminən 300-350 min avro verərlər. Tümərin transferi bizim üçün çox gərəkli deyildi. Sadəcə, belə bir təcrübəli, Avropa çempionatının mükafatçısı olan futbolçunun Azərbaycanda oynaması ilk növbədə gənc nəslə peşəkarlıq baxımdan yaxşı örnək olacaqdı. Mətinin transferinə imkan yarandı və bunu reallaşdırmağa çalışdıq. Ancaq eybi yoxdur, biz gələcəkdə Tümər səviyyəsində 100 futbolçu ala bilərik. Türkiyədə “transfer pəncərəsi” bu gün bağlanır və vəziyyətə baxacağıq. Komandamızı gücləndirə biləcək yüksək futbolçu almaq istəyirik”.
0