Füzuli Məmmədov: Ponomaryovun məni komandadan çıxaracağını hiss etmişdim
02.02.2009 - 15:43
Füzuli Məmmədov: Ponomaryovun məni komandadan çıxaracağını hiss etmişdim
“Transferə indi çıxarılmağım mənim üçün gözlənilməz oldu. Əvvəl haqqımda belə qərar çıxarılsaydı, təəccüblənməzdim. Ola bilsin ki, əvvəlki baş məşqçilər məni tanıyırdılar”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun transferə çıxardığı Füzuli Məmmədov deyib.

Baş məşqçi İqor Ponomaryovun komandada saxlamaq istəmədiyi 32 yaşlı müdafiəçi özünə yeni klub axtarmalı olacaq: “Ponomaryov bu qərarı ilə məni çətin vəziyyətdə qoydu. Bunu hələ Antalya toplanışının gedişində, hazırlığa başlayandan 10 gün sonra etsəydi, mən də həmin vaxt başqa kluba keçərdim. İndi isə ikinci dövrənin startına iki həftədən də az vaxt qalıb. Ponomaryovun məni nə vaxtsa komandadan çıxaracağını hiss etmişdim. Çünki Antalyadakı yoxlama matçlarının ikisində oynatdıqdan sonra mənə şans vermədi. Halbuki, bu görüşlərin birində yaxşı oynayıb hətta məhsuldar ötürmə vermişdim, o birində isə normal çıxış etmişdim”.

“Xəzər-Lənkəran” yaranan vaxtdan komandada çıxış edən Məmmədov klub prezidenti ilə görüşməyə imkan tapıb: “Xəzər-Lənkəran”ın ilk müqavilə bağladığı futbolçu olmuşam. Bu 5 ilə yaxın müddətdə klubdakı karyeram mənim üçün uğurlu oldu və bunu xoş xatirə ilə yada salacağam. Karyeramı elə “Xəzər-Lənkəran”da bitirəcəyimi düşünürdüm. Ancaq baş məşqçinin çıxardığı qərar buna imkan vermədi. Nə etmək olar, qismət deyilmiş”.

Qeyd edək ki, “Xəzər-Lənkəran”da əsas heyətdə yerini xeyli müddətdir itirən Füzuli bu komanda ilə çempionluq, gümüş medal və iki dəfə ölkə kubokunu qazanıb.
0