Gecə klubunda qalmaqal: boksçu futbolçunu döydü!
02.02.2009 - 16:21
Gecə klubunda qalmaqal: boksçu futbolçunu döydü!
Fransa yığmasının və “Roma” klubunun futbolçusu Filipp Mekses xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi Romanın gecə klublarından birində döyülüb. Onu adı açıqlanmayan boksçu əzişdirib.

Hadisə fevralın 1-dən 2-nə keçən gecə baş verib. Mekses “Recina” - “Roma” (2:2) görüşündən sonra gecə klubuna gedib. Fransalı oyunçu burada bir boksçu ilə mübahisəyə girişib. Tədricən tərəflərin mübahisəsi qızğınlaşıb və nəticədə boksçu Filippi yumruqlara “qonaq” edib.

Mekses dərhal xəstəxanaya aparılıb. Ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Lakin mübahisənin konkret hansı səbəbdən başlandığı bilinmir.

Qeyd edək ki, Filipp peşəkar karyerasına 1999-cu ildə vətənində “Oser”də başlayıb. Sonradan “Roma”ya transfer olunan müdafiəçi bu klubun heyətində 5 il ərzində 120-dən çox oyuna çıxıb. O, Fransa milli komandasında cəmi 1 matç keçirib.
0