Aleksandr Zavarov: Azərbaycanlı futbolçu çox çalışır
02.02.2009 - 16:43
Aleksandr Zavarov: Azərbaycanlı futbolçu çox çalışır
Kiyevin “Arsenal” klubunun baş məşqçisi Aleksandr Zavarov baxışdan keçirdiyi azərbaycanlı futbolçu Rüstəm Novruzov barədə fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, o, “Bakı”nın hücumçusundan razı olduğunu söyləyib.

Zavarov hələ Kiyevdə hazırlığa cəlb etdiyi həmyerlimizi Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında da sınayıb. “Arsenal”ın baş məşqçisi deyib ki, konkret transfer haqda danışmaq hələ tezdir: “Rüstəm özünü yaxşı tərəfdən göstərmək üçün çox çalışır. Qarşıda daha bir neçə yoxlama oyunumuz var. Yalnız təlim-məşq toplanışının sonunda kimin komandada qalıb-qalmayacağını söyləyə bilərəm”.

Novruzov Bakının “Standard” klubu ilə yoxlama oyununda əsas heyətdə meydana çıxıb. İlk 45 dəqiqədə meydanda olan futbolçumuz fasilədə əvəzlənsə də, yaxşı təsir bağışlayıb. “Arsenal”da məşqlərini davam etdirən Novruzov gələcəyə nikbin baxır: "İşlər qaydasındadır. Təcrübəli məşqçinin rəhbərliyi altında hazırlıq prosesi keçirəm. "Standard"la oyunda qol vura bilmədim, ancaq, zənnimcə, pis oynamadım. İnanıram ki, "Arsenal"la müqavilə bağlayacaq yeni oyunçulardan biri mən olacağam”.

Qeyd edək ki, Novruzovun baxışda olduğu komanda “Standard”ı 3:2 hesabı ilə məğlub edib.
0