“İqor Ponomaryov komandaya gələndə daha çox yerli futbolçuları oynadacağını deyirdi”
02.02.2009 - 17:31
“İqor Ponomaryov komandaya gələndə daha çox yerli futbolçuları oynadacağını deyirdi”
“İqor Ponomaryov komandamıza gələndə daha çox yerli futbolçuları oynadacağını demişdi. Lənkərandakı hazırlıq ərəfəsində məlum oldu ki, baş məşqçimiz mənimlə Füzuli Məmmədovu transferə çıxarıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun transferə çıxardığı Alim Qurbanov deyib.

Hazırda yeni klub tapmağın elə də asan olmadığı bildirən 32 yaşlı yarımmüdafiəçi bunu Premyer Liqada ikinci dövrənin startına az qalması ilə əsaslandırıb: “Antalyadakı hazırlıqdan sonra transferə çıxarılacağımı gözləmirdim. Hər halda, haqqımda belə qərar çıxarılacağına əsas yox idi. Ponomaryova lazım deyildimsə, o, bunu vaxtında deyərdi. Mən də işimi bilib, daha əvvəldən özümə yeni komanda tapardım. İndi klubların əksəri xaricdə təlim-məşq toplanışdadır və heyətlərində də futbolçular doludur. Bu isə yeni klub tapmağa çətinlik yaradır”.

“Xəzər-Lənkəran”la müqaviləsinin müddəti başa çatmayan Qurbanov başqa kluba keçməkdə problem yaradılmayacağına ümidvardır: “Həmişə klub rəhbərliyinin qayğısına görmüşük. İnanıram ki, yeni komandaya keçidimə imkan yaradacaqlar. Özümü zəif futbolçu saymıram. Sadəcə, oymayanda, daha çox ehtiyatda qalanda istər-istəməz geriləyirsən, formadan düşürsən. Beş il bir klubda oynayasan, baş məşqçi də birdən səni transferə çıxartsın, bu, adama pis təsir edir”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” yaranan vaxtda – 2004-cü ildən komandada çıxış edən Alim əvvəllər əsas heyət oyunçusu olsa da, son illərdə daha çox ehtiyatda qalırdı. Vaxtilə milli komandamızın heyətində qol da vuran yarımmüdafiəçi Lənkəran təmsilçisinin heyətində “qızıl dubl” edib.
0