Branimir Subaşiç Rusiyanın birinci divizion klubuna təklif olunub
03.02.2009 - 11:11
Branimir Subaşiç Rusiyanın birinci divizion klubuna təklif olunub
Azərbaycan milli komandasının serbiyalı hücumçusu Branimir Subaşiç karyerasını yenidən Rusiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçunun adı birinci divizion təmsilçisi “Nijni-Novqorod” klubunun ətrafında hallanır.

Özü də Subaşiçin xidmətləri bu komandaya təklif olunub. Məsələ ondadır ki, “Nijni-Novqorod”a dörd futbolçunun agenti müraciət edib və onların arasında Branimir də var. Maraqlıdır ki, Subaşiçin “Neftçi”də baş məşqçisi olmuş Vlastimil Petrjelanın da agenti öz müştərisinin xidmətini bu kluba təklif etsə də, çexiyalı mütəxəssisə müsbət cavab verilməyib.

Ötən yay “Neftçi”dən Belqradın “Srvena Zvezda” komandasına keçən Subaşiç artıq bir neçə gündür klubsuz qalıb. “Srvena Zvezda” uzun müddətli müqaviləsi olan Branimiri Kiprə təlim-məşq toplanışına aparmayaraq, özünə yeni klub axtarmağı məsləhət görüb. Subaşiç “Neftçi”yə gələnədək Rusiya Premyer Liqasında Permin “Amkar” klubunda icarə əsasında çıxış edib.
0