“İnter” “Coppa Carnevale” turnirinə gedir
03.02.2009 - 13:06
“İnter” “Coppa Carnevale” turnirinə gedir
Bakının “İnter” klubu İtaliyada keçirilən turnirə rəsmi dəvət alıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi gələn ilin fevralında keçiriləcək ənənəvi “Viareggio Cup” turnirinə qatılacaq. Həm də “Coppa Carnevale” adı ilə tanınan və 62-ci dəfə təşkil olunacaq bu yarışda 1990-94-cü il təvəllüdlülərdən ibarət komandalar mübarizə aparacaq. Turnirə dünyanın ən məşhur klublarının gənc komandaları qatılırlar ki, bu il fevralın 23-də başlanacaq yarışda iştirak edən 40 komanda arasında nəhənglər də yer alıb. “Milan”, “İnter” və “Yuventus” da daxil olmaqla, İtaliyanın əksər komandaları ilə yanaşı, Argentinanın “İndependente”, Uruqvayın “Nasyonal”, Rusiyanın “Spartak”, Belçikanın “Anderlext” klubları da var. Franko Barezi, Alessandro Del Pyero, Qabriel Batistuta, Andrea Pirlo və Françesko Totti kimi ulduzlar da vaxtilə bu turnirdə özünü göstərib.
Qeyd edək ki, hələ ötən ay təşkilatçılarla klub rəhbərliyi arasında “İnter”in yarışa dəvət olunması haqda ilkin razılıq əldə olunmuşdu.
0