“Bakı”nın futbolçusu: A seriyasında oynamaq istərdim
03.02.2009 - 13:29
“Bakı”nın futbolçusu: A seriyasında oynamaq istərdim
“Milli komandamız indiyədək ciddi bir uğur qazanmasa da, bəzi oyunlarda gürcü xalqına unudulmaz anlar bəxş edə bilib. Mənim də burada bir az xidmətim olubsa, deməli, bir vətəndaş kimi vətənimə xidmət etmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu gürcüstanlı legioneri Georgi Demetradze deyib.

Hal-hazırda baş məşqçi Ektor Kuper tərəfindən Gürcüstan yığmasına çağırılmamağını zədəli olması ilə əlaqələndirən Demetradze bildirib ki, sağalıb formaya düşəndən sonra argentinalı çalışdırıcı onun xidmətinə ehtiyac duya bilər.

Demetradze “Milan”da oynayan həmyerlisi Kaxa Kaladze ilə münasibətlərinə də toxunub: “Milli komandaya dəvət edildiyimiz vaxtdan bir yerdəyik. O, mənim ən yaxın dostumdur. Tez-tez görüşürük. Elə bu yaxınlarda da onun yanına - İtaliyaya getmişdim. Kaxa “Milan”nın əsas heyət üzvüdür. Onun uğurlarına çox sevinirəm. Kiyev və Tbilisidə də digər dostlarımızın görüşünə gedirik. Çempionlar Liqasında Kaxanın komandasının çempion olmasını istərdim. Amma bu il “Barselona” çempion olacaq. Əgər arzu kimi baxsaq, mən də İtaliyada oynamaq istərdim. “A” seriyasında istənilən komandada oynayardım”.
0