Əhməd Dursun ölkəmizdə uğurlu karyera istəyir
03.02.2009 - 15:28
Əhməd Dursun ölkəmizdə uğurlu karyera istəyir
“Əhməd Dursun “Xəzər-Lənkəran”a keçdiyi üçün xoşbəxtdir. O, çox yaxşı kluba getdiyini deyir”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran”ın yeni transferi olan Əhməd Dursunun meneceri Özkan Doğan deyib.

“Beşiktaş” klubunda çıxışı ilə tanınan 31 yaşlı türkiyəli hücumçunun Azərbaycana gəlişində yardımçı olan FİFA agenti seçimlərini düzgün sayır: “Əhməd “Xəzər-Lənkəran”a Mübariz Mənsimova görə getdi. Mənsimov Türkiyədə tanınan adamdı. Əhməd ona görə bu təklifi dəyərləndirərək, Azərbaycanda oynamağa razılıq verdi”.

Türkiyənin Superliqa təmsilçisi “Kocaelispor” klubundan kənarlaşdırılan Dursunun Yunanıstanda oynamaq variantı olub. Ancaq onun “Ksanti” rəsmiləriylə danışıqları müsbət yekunlaşmayıb: “Əhmədi bir sıra klublar də heyətində görmək istəsə də, o, “Xəzər-Lənkəran” variantına üstünlük verdi. Bunu yalnız para ilə əlaqələndirmək düzgün olmazdı. Dursun maddi amillərlə yanaşı, Mübariz Mənsimova hörmətindən bu təklifi qəbul etdi. “Xəzər-Lənkəran”la Türkiyə klublarının təklif etdiyi anlaşmanın maddi tərəfi demək olar eynidir. Əhməd “Kocaelispor”dan pulunu ala bilmədiyi üçün ayrıldı”.

Müştərisinin müqavilə məsələlərinə aydınlıq gətirən Özkan Dursunun “Xəzər-Lənkəran”da daha iki il çıxış etməsinin mümkünlüyünə toxunub: “Əhmədin bağladığı müqavilə cari mövsümün sonuna qədər olsa da, sonradan daha iki il uzadıla bilər. Yəni “Xəzər-Lənkəran”la bağlanan müqavilə “3 ay + 2 il” şərti ilədir. Dursun Azərbaycanda hələ ki cari mövsümün sonuna qədər oynayıb, bundan sonra vəziyyətə baxacaq. Hücumçu Azərbaycandakı karyerasının uğurlu olmasını istəyir”.

Qeyd edək ki, Dursun bu gecə Bakıya gələcək. Sabah tibbi müayinədən keçəcək futbolçu ardından Lənkərana yollanacaq.
0