Rusiyanın birinci divizionunda oynamaram
03.02.2009 - 17:08
Rusiyanın birinci divizionunda oynamaram
Azərbaycan milli komandasının serbiyalı hücumçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi:

- Branimir, “Srvena Zvezda” klubundan özün getdin, yoxsa kənarlaşdırdılar?
- Məsələnin təfərrüatına varmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, anlaşılmazlıq baş verdi, problem yarandı və “Srvena Zvezda” ilə yollarımızı ayırdıq.

- Milli komandamızın əsas futbolçularından biri kimi klubsuz qalmağınız çoxlarını narahat edir. Ancaq “Srvena Zvezda”dan getdikdən sonra telefon zənglərinə cavab vermirdiniz. Bunun səbəbi nədir?
- Gələcək karyerama tam aydınlıq gətirənə qədər mətbuatdan uzaq olmaq istədim. Bu səbəbdən də zənglərə cavab vermirdim. Azərbaycan mətbuatının mənimlə maraqlandığını başa düşürəm və bu diqqəti qiymətləndirirəm.

- İndi bizimlə danışmağınızdan belə qənaətə gəlmək olarmı ki, artıq yeni kluba keçidiniz həll olunmaq üzrədir?
- Əslində, indi də yenilik yoxdur. Gələcək karyeramla bağlı iş gedir və cavab gözləyirəm.

- Artıq Avropada “transfer pəncərəsi” bağlanıb. Belə çıxır ki, karyeranızı postsovet məkanında davam etdirəcəksiniz?
- İki ölkədə oynamaq variantım var.

- Rusiya və Ukrayna?
- Bunu deyə bilmərəm. Çünki əvvəlcədən demək mənə düşmür. Qoy həll olunsun, sonra danışarıq. Hansısa variantın adını çəkirsən, sonra da alınmır, qalırsan pis vəziyyətdə. Gəlin, hadisələri qabaqlamayaq.

- Rusiyanın “Nijni-Novqorod” klubuna keçmək variantının olduğu bildirilir...
- O hansı klubdur?

- Rusiyanın birinci divizionunda mübarizə aparır.
- Bunu kim deyir axı?

- Bu haqda Rusiya mətbuatında məlumat yayılıb. Xəbərdə bildirilir ki, menecerin xidmətinizi “Nijni-Novqorod”a təklif edib...
- Siz nə danışırsınız, heç vaxt Rusiyanın birinci divizionunda oynamaram. Yüksək liqada mübarizə aparan klubda çıxış etmək istəyirəm.

- Sizə klub tapmaqda yardımçı olan menecer kimdir?
- Əslində, müqavilə ilə bağlı olduğum menecerim yoxdur. Sadəcə, bir neçə tanışlar var və onlarla iş görürəm.

- Almaniya Bundesliqasında “Köln” variantı nə dərəcədə ciddi idi?
- Belə variant olsa da, alınmadı. Deyilənə görə, artıq bu komanda heyətini tam komplektləşdirdiyi üçün əlavə futbolçuya ehtiyac olmadı.

- “Srvena Zvezda” ilə müqavilənin müddətinin başa çatmasına hələ çox var. Bəs bu amil başqa kluba keçidinizə problem yaratmayacaq ki?
- Belqrad təmsilçisi ilə hələ 2,5 illik müqaviləm var. Yəqin ki, transferimə görə kompensasiya istəyəcəklər. Bu məsələ müzakirə olunur. Ola bilsin ki, müəyyən məbləğdə pul ödənilib, transfer hüquqlarıma birdəfəlik sahib çıxıldı.

- Karyeranızı hansı klubda davam etdirəcəyiniz nə vaxt bilinəcək?
- Bir həftəyə. Ümid edirəm ki, həmin vaxta kimi yeni kluba keçidim həll olunacaq.

- Hazırda harada məşq edirsiniz?
- Belqradda qalan futbolçularla bir yerdə hazırlıq keçirəm.

- Azərbaycana qayıtmaq variantına necə baxırsınız?
- Hazırda bu məsələ gündəmdə deyil.

- Yenidən “Neftçi”də çıxış etmək istəmirsiniz?
- İndi bu haqda düşünmürəm. Azərbaycana dönmək variantını ön planda saxlamıram.
0