Zeynal Məmmədov: “Neftçi” ilə yenidən danışıq aparmaq lazımdır
03.02.2009 - 17:22
Zeynal Məmmədov: “Neftçi” ilə yenidən danışıq aparmaq lazımdır
“Georgi Adamiyanın komandamıza keçidi hələ rəsmiləşməyib. Bunun üçün “Neftçi” rəhbərliyi ilə bir daha danışıq aparmaq lazımdır”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Komandasının son vaxtlar hazırlıq keçdiyi Türkiyənin Antalya şəhərindən qayıdan Məmmədov bildirib ki, düşərgələrində olan Georgi Adamiyanın transfer məsələsinə Bakıda yekun vurulacaq: “Həftəsonuna kimi komandamız Bakıya dönəcək və həmin vaxt “Neftçi” də Antalyadan gələcək. Fikrimcə, gürcü hücumçunun transferi ilə bağlı “Neftçi” ilə ortaq məxrəcə gələcəyik. Düzdür, Adamiyaya görə 100 min dollarlıq kompensasiya qüvvədə qalır. Ancaq bu məbləğ çox olduğundan, qiyməti aşağı salmaq istəyirik. Adamiya ilə müqavilə cari mövsümün sonuna qədərdir. Bundan sonra Georginin komandamızdakı taleyini zaman göstərəcək”.

Məmmədov 27 yaşlı gürcü hücumçunun hazırda pis formada olmadığını söyləyib: “Əlbəttə, Georginin “Neftçi”dən gedəndən sonra üç ayda oynamadığı hiss olunur. Adamiya komandamızdakı məşqlərlə tədricən formasına bərpa edir. Biz onun xidmətində maraqlıyıq. Ancaq dediyim kimi, Adamiyanın transferi rəsmiləşdirmək üçün “Neftçi” ilə yenidən danışmağımız gərəkdir. Yəqin ki, növbəti müraciətimiz müsbət cavablanacaq. Transfer məsələsi pulla həll olunur. Adamiyanı bizim üçün münasib qiymətə almağa çalışırıq və buna nail olacağımıza inanıram”.
0