Ukraynalılardan maraqlı iddia: Azərbaycana qarşı normal futbol oynamamışıq
03.02.2009 - 19:32
Ukraynalılardan maraqlı iddia: Azərbaycana qarşı normal futbol oynamamışıq
Ukraynalılar Azərbaycan futbol yığması ilə 2006-cı il fevralın 28-də Bakıda keçirilmiş yoldaşlıq görüşündən gileylənirlər. Apasport.az saytının məlumatına görə, bu ölkənin mətbuatında milli komanda ilə bağlı yazıda fevralda baş tutan sınaq matçlarına toxunulub.

Üç il öncə Oleq Bloxinin rəhbərlik etdiyi Ukrayna yığması Tofiq Bəhramov adına Respublika stadionunda milli komandamızla qolsuz heç-heçə etmişdi. Ukraynalılar son illərdə fevralda gerçəkləşmiş bir sıra oyunlar kimi, 2006-cı ildəki görüşü də acı xatirə ilə yada salırlar: “2003-cü ildən bəri fevraldakı bütün matçlar demək olar, darıxdırıcı keçib. Təkbətək mübarizələrdə nə qədər yaxşı təsir bağışlasaq da, bu 6 oyundan yalnız Albaniya üzərində qazanılan qələbəni yada salmaq olar. Yeri gəlmişkən, həmin qarşılaşmalardan təkcə albanlarla oyun rəsmi idi. Son 6 ilin fevral ayında keçirdiyimiz qalan matçlarda - Türkiyə, Liviya, Azərbaycan, İsrail və Kiprlə səfər görüşləri heç-heçə nəticələnib. Fevralda heç vaxt normal futbol oynamamışıq. Bunun niyə belə olduğunu isə bilmirik”.

Qeyd edək ki, Şahin Diniyev komandamızın baş məşqçi postunda məhz ukraynalılarla oyunda debüt etmişdi.
0