Hər şey dəqiqləşdi: Arşavin rəsmən “Arsenal”da!
04.02.2009 - 00:42
Hər şey dəqiqləşdi: Arşavin rəsmən “Arsenal”da!
Rusiya yığmasının və “Zenit”in futbolçusu Andrey Arşavinin karyerasını İngiltərədə davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçunun London “Arsenal”ına keçidi rəsmiləşib. Bir neçə saat öncə İngiltərə Premyer Liqasının Arbitraj Komitəsi Arşavinin “topçular”ın şərəfini qorumasına icazə verib.

Hərçənd, komitənin mənfi qərar çıxaracağı istisna olunmurdu. Çünki tərəflər arasında müqavilə çox gec bağlanmışdı. Yeri gəlmişkən, razılaşmanın dəyəri 16,5 milyon funt sterlinqə bərabərdir. Bu, London klubu tarixində rekord məbləğdir. Bundan öncə ən yüksək göstərici fransalı Silven Viltora (13 milyon funt sterlinq) məxsus idi.

Arşavinin transferi barədə artıq “Arsenal”ın rəsmi İnternet saytında da məlumat yerləşdirilib. Dünən rusiyalı hücumçu yeni komandasında ilk məşqinə çıxıb. O, “Arsenal”da 23 nömrəli futbolkanı daşıyacaq.
0