Nokdauna düşən zabit Foqtsu sevindirəcək, yoxsa Hiddinki?
04.02.2009 - 11:36
Nokdauna düşən zabit Foqtsu sevindirəcək, yoxsa Hiddinki?
Futbol yığmamızın dünya çempionatının seçmə mərhələsində növbəti oyununu gömrük zabiti idarə edəcək. Apasport.az saytının məlumatına görə, martın 28-də Moskvada keçiriləcək Rusiya – Azərbaycan matçının baş hakimi Serj Qyumenni Belçika gömrük idarəsində zabit kimi çalışır.

Belçika çempionatı ilə yanaşı, mütəmadi olaraq Hollandiya birinciliyinin matçlarına da təyinat alan Qyumenni artıq 6 ildir beynəlxalq arenada ədaləti qoruyur. 2003-cü ildən FİFA hakimi olan Qyumenninin ilk rəsmi beynəlxalq oyunu həmin il sentyabrın 24-də baş tutub. O, Xorvatiyanın “Dinamo” və Macarıstanın MTK klublarını meydana çıxarıb.

Növbəti il daha iki beynəlxalq qarşılaşmaya təyinat alan belçikalı avrokuboklarda da debüt edib. Qyumenninin milli komandaların görüşünə ilk təyinatı 2005-ci ildə alıb. İyunun 4-də Farer adaları ilə İsveçrənin matçında baş hakim olub.

U-21-lərin oyunlarına daha çox təyinat alan Qyumenni avrokubok görüşləri ilə yanaşı, arabir əsas yığmaları da meydana çıxarıb. Ötən il isə 8 matç idarə edib. Onlar arasında “Portsmut” – “Milan”, “Fənərbaxça” – MTK qarşılaşmalarını qeyd etmək olar. 2008-ci ildə Qyumenni yalnız bir dəfə milli komandaların görüşünə təyinat alıb ki, həmin oyun qonaqlara qələbə gətirib – Şotlandiya səfərdə İslandiyanı məğlub edib – 2:1.

Millimizin oyununadək UEFA kubokuna təyinat alan belçikalı fevralın 18-də keçiriləcək “Dinamo” (Kiyev) – “Valensiya” matçını idarə etməlidir.

Karyerası ərzində 30 beynəlxalq matç idarə edən Serj 6 dəfə penalti zərbəsi təyin edib ki, bunlardan beşi meydan sahiblərinin, biri qonaqların xeyrinə olub. Hakim qırmızı vərəqə göstərərkən də evdə oynayan komandalara simpatiya bəsləyib. Belçikalının meydandan qovduğu 8 futbolçunun altısı qonaq komandanın oyunçusu olub. Sarı vərəqlərdə də Qyumenni tarazlığı pozub. O, 70 dəfə səfərdə, 60 dəfə isə evdə oynayan komandanı cəzalandırıb.

Serjin karyerasında maraqlı hadisələr də olub. Belçika Futbol Federasiyasının bel bağladığı hakim azarkeşlər arasında aparılan sorğunun nəticələrinə görə 2007-ci ildə ölkəsinin ən bərbad hakimi seçilib.

Qətərlə belçikalılar arasında bağlanan müqaviləyə əsasən bu ölkəyə 17 günlük ezamiyyətə yollanıb bir neçə matç idarə edən Qyumenni maraqlı açıqlama vermişdi. Onun sözlərinə görə, bu idman növü Qətərdə futbol yox, şeyxlərin oyuncağıdır.

2003-cü ildə Serj “Anderlext”in oyunçusu Aruna Dindaneni elə qəzəbləndirib ki, futbolçu dirsəklə vurduğu zərbəylə hakimi nokdauna salıb. Zərbə müəllifi sonda cəmi iki oyunluq cəzalandırıb.
0