Maliyyə böhranı “Qarabağ”ı çətin vəziyyətə salıb
04.02.2009 - 13:28
Maliyyə böhranı “Qarabağ”ı çətin vəziyyətə salıb
“Binə qəsəbəsində inşa etdiyimiz idman kompleksinin inşası müvəqqəti dayandırılıb. Buna əsas səbəb dünyada cərəyan edən maliyyə böhranıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

Onun sözlərinə görə, hazırda dünyada baş verən maliyyə böhranı milyonlarla dollara başa gələn belə böyük layihəni həyata keçirməyə problem yaradır: “İndiki böhran şəraitində banklar böyük məbləğdə kreditlər verilməsini dayandırıb. Bu yaxınlarda Dubayda oldum. Orada hətta bankların maşın almaq üçün kredit vermədiyinin şahidi oldum”.

“Ruslan-93” kompleksindən baza kimi istifadə edən “Qarabağ”ın bir neçə məşq meydançası olsa da, belə vəziyyət rəhbərliyi qane etmir: “Bütün bunları birləşdirib, vahid kompleksə malik olmaq istəyirik. Yəni, baza, məşq meydançaları, stadion və komanda üçün lazım olan digər şeylər eyni məkanda olsun. Binədəki həmin kompleksdə bütün bunlar cəmləşəcək. Ağdamın Quzanlı kəndindəki stadionda da açılış etməyimizi böyük həyəcanla gözləyirik”.

“Qarabağ”ın çıxışına toxunan Gözəl iddiasını gizlətməyib: “Komandamızdan yalnız çempionluq gözləyirəm. Yaxşı transferlərimiz olacaq və yeni futbolçuların rəsmən təqdim etmə mərasimi keçirəcəyik. Komandamızın Türkiyədən qayıdışını gözləyirik”.
0