“Xəzər-Lənkəran” ikinci “bomba”sını partlatdı
04.02.2009 - 16:09
“Xəzər-Lənkəran” ikinci “bomba”sını partlatdı
“Xəzər-Lənkəran” klubu Əhməd Dursunun ardınca, Türkiyə yığmasının heyətində çıxış etmiş daha bir futbolçunu transfer edib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu”ların heyətində 6 görüşdə 1 qol vuran Fatih Sonkaya az öncə İstanbulda klubun nümayəndələri ilə görüşdə rəsmi müqaviləyə imza atıb.

Hollandiyanın “Roda” klubunun yetirməsi olan Sonkaya 2004/05 mövsümündə “Beşiktaş”da 10 oyun keçirib. Bundan sonra “Portu”ya transfer olan Fatih mövsümdə (2005/06) 5 oyun keçirdiyi “Portu” ilə ölkə çempionu və Superkuboku qazanıb. Futbolçu 2006/07 mövsümündə Portuqaliyanın “Akademika” (4 oyun), ötən mövsüm isə “Roda”da (15 oyun) icarə əsasında çıxış edib. Artıq “Portu” ilə müqaviləsinin müddəti başa çatan Sonkaya “Trabzonspor”, “Konyaspor”, “Əskişəhərspor” və “Bursaspor”un maraq dairəsində olsa da, “Xəzər-Lənkəran” daha cəld tərpənib.

Maraqlıdır ki, Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi “Kocaelispor” iki gün öncə son transfer kimi Sonkayanı qeyd edərək, onunla anlaşdığını bildirmişdi. 1,80 metr boya malik Fatih Türkiyə yığmasının heyətində 2003-cü ildə çıxış edib və Fransada təşkil olunan Konfederasiyalar Kubokunda bürünc medal qazanıb.

Qeyd edək ki, “Xəzər-Lənkəran” Rəşad Abdullayev ağır zədələndikdən sonra sağ cinah yarımmüdafiəçinə böyük ehtiyacı vardı. Fatih sağ cinah müdafiəçisi mövqeyində də oyanaya bilər.

mənbə: lankaranfc.com