Rəşad Sadıqov “Kocaelispor”un məşqlərinə qatılmır
04.02.2009 - 16:46
Rəşad Sadıqov “Kocaelispor”un məşqlərinə qatılmır
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu şərəfini qoruduğu Türkiyənin “Kocaelispor” klubunun məşqlərindən kənarda qalıb. Amma buna Rəşadın Superliqanın son turunda dodağından zərbə alması səbəb olmayıb. Futbolçumuz daha ciddi ağrılar üzündən “Sivasspor”la matçın hazırlıqlarını buraxmaq məcburiyyətindədir.

Belə ki, yenə özünü büruzə verən xroniki bel ağrıları müdafiəçiyə əziyyət verir. Hələ “Neftçi”də çıxış etdiyi vaxt eyni problemlə üzləşən Rəşad bu ağrılardan xilas olmaq üçün Almaniya, Rusiya və Türkiyədə müayinə olunub. Hətta müdafiəçi yüngül əməliyyata məruz qalsa belə, problemi tam həll etməmişdi.

Qeyd edək ki, “Kocaelispor” fevralın 7-də Superliqanın lideri “Sivasspor”la qarşılaşacaq.
0