Fatih Sonkaya, Gözəl və “Xəzər-Lənkəran”
04.02.2009 - 19:30
Fatih Sonkaya, Gözəl və “Xəzər-Lənkəran”
“Xəzər-Lənkəran” klubunun Əhməd Dursundan sonra ikinci gurultulu transferi sayılan Fatih Sonkayanın fikirlərini öyrənmək maraqlı olardı. Hər halda, “Beşiktaş”la yanaşı, Portuqaliya və Hollandiya klublarında oynayan, “Portu” ilə ölkə çempionu və Superkubok qazanan, Türkiyə yığmasının heyətində Konfederasiyalar Kubokunun bürünc medalçısı olan 27 yaşlı yarımmüdafiəçinin karyerası uğurlu alınıb. Ölkəmizdə çıxış etməyə yaxın olan Fatihlə əlaqə saxladığımız zamanı maraqlı halla üzləşdik. Futbolçu özümüzü təqdim etdiyimiz zaman mətbuat katibinin danışmasının lazım bilərək, telefonu ona verdi. Sonkayanın mətbuat katibi olduğunu deyən Osman Gözəl isə apasport.az saytına qısa müsahibəsində müştərisinin “Xəzər-Lənkəran”a transferini gizli saxladı.

- Fatihin “Xəzər-Lənkəran”a keçidi haqda fikirlərini öyrənmək istərdik...
- Hazırda bir şey yoxdur. Əgər belə bir şey olsa, ən qısa zamanda mətbuata açıqlama verəcəyik. Fatihlə bağlı transfer xəbərinin haradan qaynaqlandığını bilmirəm.

- “Xəzər-Lənkəran” klubunun saytında bu haqda rəsmi məlumat var. Orada göstərilib ki, Fatih Sonkayanın transferi artıq gerçəkləşib.
- Lazım olan vaxtda bununla bağlı bilgi verəcəyik. İndi isə çox danışa bilmirəm. Çünki hazırda hava limanındayam və təyyarəyə minəcəyəm.

- İnşallah, Azərbaycana nə vaxt gələcəksiniz?
- Dedim axı, bir şey olarsa, bu haqda məlumat verəcəyik.

- Saytda, həmçinin bildirilir ki, klub rəsmiləri bu gün İstanbulda Sonkaya ilə görüşüb və müqavilə imzalanıb. “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla görüşünüz olubmu?
- Bu haqda danışmaq istəmirəm...

Göründüyü kimi, nə Fatih, nə də özünü futbolçunun mətbuat katibi hesab edən Gözəl “Xəzər-Lənkəran”a keçid haqda fikir bildirdi. Bunu daha çox diplomatik gediş kimi qiymətləndirmək olar. Hər halda, “Xəzər-Lənkəran” türkiyəli futbolçunun transferini reallaşdırmasaydı, bu haqda rəsmi məlumat yaymazdı. Bəs görəsən, uzun müddət Avropada oynayan bir futbolçunun və onun köməkçisinin danışmasına kim qadağa qoyub? Bəlkə, “Xəzər-Lənkəran”? Axı son vaxtlar Lənkəran təmsilçisinin rəhbərliyi belə qadağaları futbolçulara tez-tez tətbiq edir!
0