“Qarabağ”ın direktoru legionerlərə inanmır?
04.02.2009 - 18:50
“Qarabağ”ın direktoru legionerlərə inanmır?
“Komandanın yanında olmaq mənim işimdən əlavə bir hobbidir. Futbolçuların məşqi, gözlərindəki yanğı, oyuna necə hazırlaşmasını görmək çox maraqlıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Komandanın Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını dəyərləndirən rəsmi rəsmisi “Qarabağ”ın rəsmi saytına müsahibəsində çempionluq iddiasında olduqlarını bir daha təsdiqləyib: “Ümidvaram ki, məğlubiyyətsiz seriyamızın qırılması 2009-u ildə baş verməyəcək. İstənilən halda, bu komanda çempionluq, əks halda, ən azı medal və kubok uğrunda mübarizə aparacaq”.

Legioner futbolçulara o qədər də bel bağlamamaqlarını önə çəkən Çəlikəl elə yerli futbolçularla titul qazanacaqlarını düşünür: “Azərbaycanın digər iddialı komandalarından fərqimiz məhz yerli futbolçulara xüsusi önəm verməyimizdir. Başqa klubların şəxsi işlərinə qarışa bilmərik. Amma bizim üçün Azərbaycan futbolu dedikdə, azərbaycanlı futbolçulara üstünlük verməklə, onlara inandığımızı göstərmək istəyirik. Çempionluğa oynayan komandanın futbolçularının əksəriyyətinin yerlilər olması bizi sevindirməyə bilməz. Əgər biz bu heyətlə uğur qazana bilsək, ölkə futboluna yeni nəfəs gətirə biləcəyimizə inanırıq. Axı, bizim uğurumuz müqabilində gənc nəslin Aslanlar, Azərlər, Zaurlar, Aftandillər, Fərhadlar idealına çevriləcək və onları öz gücünə inandıracaq”.

Çəlikəlin sözlərinə görə, Antalya toplanışını qələbə həsrəti ilə bitirən komanda üçün bölgənin ən yaxşı oteli seçilibmiş: “Bu gün Antalyada 115 km uzunluğunda otel şəbəkəsi yerləşir. Amma biz komanda üçün bu otelləri araşdırıb ən yaxşısını “İC Santai”ni seçmişik. Burda futbolçular üçün hər cür şərait yaradılıb. “Fənərbaxça”yla eyni sahədə məşq edirlər”.

Qeyd edək ki, Antalyada 4 yoxlama oyunu keçirən “Qarabağ” yalnız Türkiyənin üçüncü dəstəsinin autsayderlərindən biri olan “Elazığspor”la heç-heçə edə bilib – 2:2. Digər matçlarda isə “Besa”ya (Albaniya) və “Zarya”ya (Ukrayna) minimal hesabla, “Kuban”a (Rusiya) 0:2 hesabı ilə uduzan ağdamlılar bu görüşlərdə qol da vura bilməyib.
0