Amiran Mucirinun favoritləri...
04.02.2009 - 18:55
Amiran Mucirinun favoritləri...
“Çempionluq uğrunda mübarizə “Bakı”, “İnter” və “Xəzər Lənkəran” klubları arasında gedəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın gürcüstanlı legioneri Amiran Muciri klubun rəsmi internet saytına müsahibəsində deyib.

Üç komandanın çempionluğa iddialı olduğunu deyən 34 yaşlı yarımmüdafiəçinin fikrincə, digərləri yalnız “badalaq” vura bilərlər: “Digər komandalardan da ehtiyatlı olmaq lazımdır. Hər bir komanda bizə “badalaq” vura bilər”.

“Bakı”nın çempionluq üçün oynamasının hamıya məlum olduğunu bildirən Muciri Türkiyənin Antalya şəhərində keçirilən toplanışın komandaya müsbət təsir etdiyini bildirib: “Komandada yeni futbolçular var. Bu amil oyunçularımız arasında rəqabətə daha bir təkan verəcək. Rəqabət olan yerdə inkişaf da olacaq. “Bakı”da olan bütün futbolçular çempionluq arzusu ilə yaşayır və birinci olacaqlarına inanırlar. Həm də biz demək olar, ikinci dövrəyə tam hazır vəziyyətdəyik. Səbirsizliklə ikinci dövrənin başlanğıcını gözləyirik ki, “döyüş”ə atılaq”.

Qeyd edək ki, birinci dövrədə 9 qol vuran Muciri Premyer Liqanın bombardirləri siyahısında yalnız “Xəzər-Lənkəran”lı İvan Svetkovdan geri qalır.
0