Qyoko Hacıyevski UEFA-ya üz tutdu
04.02.2009 - 19:09
Qyoko Hacıyevski UEFA-ya üz tutdu
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski kurslara qatılacaq. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis UEFA-nın aprel ayında təşkil edəcəyi seminarda iştirak edəcək. O, bu kurslardan sonra məşqçilik üzrə “Pro” kateqoriyasına yiyələnəcək. 54 yaşlı çalışdırıcı bu kateqoriyaya gec sahib olmasının səbəbini klubun rəsmi internet saytına açıqlayıb: “Bu lisenziyanı daha əvvəl də ala bilərdim, amma uzaq Yaponiyada çalışdığım üçün 2 dəfə anoloji tədbirlərdə iştirak edə bilmədim. Bu dəfə qərarım qətidir. Artıq iştirakımı təsdiq edəcək zəruri sənədləri UEFA-ya təqdim etmişəm. Aprel ayında baş tutacaq seminarlarda iştirak edərək bu formallığı aradan qaldırmağı düşünürəm”.

Qeyd edək ki, “Bakı”nın baş məşqçisinədək Azərbaycan Premyer Liqasında çalışan iki mütəxəssis də “Pro” kateqoriyasına yiyələnmişdi. Belə ki, “İnter”in baş məşqçisi Valentin Xodukin və “Simurq”un çalışdırıcısı Roman Pokora da bu kateqoriyadan olan mütəxəssislərdəndir. “Bakı”nın ikinci məşqçisi Borçe Xristov isə hələ 2006-cı ildə bu lisenziyanı alıb.
0