“Azərbaycan yığmasını Berti Foqts çalışdırdığına görə çox narahat deyilik”
04.02.2009 - 19:14
“Azərbaycan yığmasını Berti Foqts çalışdırdığına görə çox narahat deyilik”
Almaniya Futbol İttifaqının Məşqçilərin Təhsili və Beynəlxalq Əlaqələr Departamentinin rəisi Markus Veydner AFFA ilə əməkdaşlıq, milli komandalarının cari seçmə mərhələdə yığmamızla keçirəcəyi rəsmi oyunlar, Azərbaycanda çalışan həmyerlisi Berti Foqtsla bağlı fikirlərini bildirib.

- Sizi növbəti dəfə Bakıda görməyimizdən məmnunluq hissi keçirdiyimizi bildirmək istəyirik. Azərbaycana xoş gəlmisiniz!
- Səmimi sözlərinizə görə minnətdaram. Bildiyiniz kimi, bu, mənim Azərbaycana ilk gəlişim deyil və artıq özümü Bakıda, necə deyərlər, öz evimdəki kimi hiss edirəm.

- Almaniya Futbol İttifaqındakı fəaliyyətiniz, daha dəqiqi, rəhbərlik etdiyiniz departamentin işi barədə məlumat verməyinizi istərdik…
- Almaniya Futbol İttifaqının Məşqçilərin Təhsili və Beynəlxalq Əlaqələr Departamentinə rəhbərlik edirəm. Fəaliyyətimiz əsasən məşqçilərin maarifləndirilməsinə yönəlib. Bundan əlavə, iki ildən artıqdır ki, beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi məsələləri ilə məşğulam.

- Almaniya Futbol İttifaqı neçə ölkə ilə əməkdaşlıq edir?
- Əvvəlcə onu qeyd edim ki, iki ildən artıqdır Almaniya Futbol İttifaqı beynəlxalq əlaqələrini yenidən qurmağa başlayıb. Bu müddət ərzində üç Afrika ölkəsi - Ruanda, Namibiya və Mozambik ilə əməkdaşlıq əlaqələri qurmuşuq. Asiya ölkələri arasında Çin, UEFA-nın üzvü olan dövlətlərdən isə Azərbaycan bizim partnyorlarımızdır. Bundan əlavə, Fransa Futbol Federasiyası ilə də əlaqələrimiz var.

- Əməkdaşlıq əsasən hansı sahələri əhatə edir?
- Ayrı-ayrı ölkələrlə münasibətlərimiz fərqli müstəvilərdədir. Məsələn, bir az əvvəl adını çəkdiyim Afrika ölkələrində Almaniya Futbol İttifaqı yerli federasiyaların strukturunun formalaşmasına yardım edir. Azərbaycan və Çin kimi ölkələrin futbol qurumları ilə münasibətlərimiz isə qarşılıqlı mübadiləyə əsaslanır.

- Ötən il martın 19-da AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Almaniya Futbol İttifaqı arasında qarşılıqlı əməkdaşlıqla bağlı memorandum imzalandı. Həmin memoranduma Azərbaycan tərəfdən AFFA-nın baş katibi Elxan Məmmədov, Almaniya Futbol İttifaqının nümayəndəsi kimi isə siz imza atdınız. Ötən dövr ərzində bu sənəddə nəzərdə tutulan müddəalarla bağlı hansı işlər görülüb?
- Geridə qalan müddət göstərdi ki, biz, sadəcə, kağıza imza atmamışıq. Memorandumun müddəalarına uyğun olaraq, bir çox işlər həyata keçirilib. İlk növbədə 5 alman məşqçinin Azərbaycana gələrək buradakı klublarda bir ay ərzində fəaliyyət göstərməsini, maaarifləndirmə işi aparmasını xatırlatmaq istəyirəm. Müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının Almaniyada təlim-məşq toplanışları keçirməsi qeyd olunmalıdır. Ümid edirəm ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsini uğurla başa vurmasına Almaniyadakı təlim-məşq toplanışının müsbət təsiri olub. Memorandumun müddəalarına uyğun olaraq, daha bir neçə yeniliyi həyata keçirməyə hazırlaşırıq. Amma hələ ki bu barədə geniş açıqlama vermək tezdir.

- Almaniyalı məşqçilərin klublarımızda bu il də fəaliyyət göstərməsi nəzərdə tutulubmu?
- Əlbəttə, bu işin davamlı olmasını planlaşdırırıq. Düşünürəm ki, bu il də almaniyalı mütəxəssislər Azərbaycana gələcəklər. Uzun müddət Almaniya Futbol İttifaqında məşqçilərin maarifləndirmə işinə rəhbərlik etmiş, FİFA və UEFA-nın bu sahədə ən nüfuzlu mütəxəssislərdən hesab etdiyi Erik Rotemüllerin Azərbaycana gəlməsini və buradakı klubların, eyni zamanda yığma komandaların məşqçilər korpusu üçün seminarlar keçirməsini nəzərdə tutmuşuq.

- Azərbaycanlı məşqçilərin necə, Almaniyada təşkil olunan seminarlarda iştirakı mümkündürmü?
- Almaniya Futbol İttifaqı məşqçilər üçün ildə bir dəfə ingilis dilində seminarlar təşkil edir və ingilis dilini bilən azərbaycanlı məşqçilərin həmin tədbirlərdə iştirakını təmin edə bilərik. Artıq almaniyalı mütəxəssis Oliver Pelzerin rəhbərliyi ilə Azərbaycanda məşqçilər üçün seminarlar keçirilir. Gənc olmasına baxmayaraq, hesab edirəm ki, Pelzer bu sahədə çox səriştəli mütəxəssisdir. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, əgər məşqçilərin kütləvi şəkildə təhsilini artırmasını istəyiriksə, bunu ölkə xaricində deyil, öz ölkəmizdə həyata keçirməyə çalışmalıyıq. Yəni Azərbaycanda çox sayda yüksək səviyyədə təhsil almış məşqçinin olması üçün müvafiq seminarları xaricdə yox, məhz Azərbaycanda təşkil etmək daha məqsədəuyğundur.

- Almaniya Futbol İttifaqının rəsmisi ilə müsahibə zamanı dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya və Azərbaycan milli komandaları arasında keçiriləcək oyunlar barədə danışmamaq mümkün deyil. Bu qarşılaşmalar barədə nə düşünürsünüz?
- Rusiya yığmasına qalib gəlməklə Almaniya millisi seçmə mərhələdə irəliyə doğru çox ciddi addım atdı. Azərbaycan millisi ilə oyunlara gəlincə, ümid edirəm ki, hər iki qarşılaşma dostluq şəraitində keçəcək və Almaniya yığmasının qələbəsi ilə başa çatacaq. Güman edirəm ki, mənim bu arzumu anlayışla qarşılayacaqsınız. Amma Azərbaycan millisi ilə oyun bizim üçün heç də asan keçməyəcək. Çünki millinizə rəhbərlik edən Berti Foqts Almaniya yığmasını həddindən artıq yaxşı tanıyır.

- Azərbaycan millisinin baş məşqçisinin sizin komandanı həddindən artıq yaxşı tanıması Almaniya Futbol İttifaqını nə dərəcədə narahat edir?
- Baş məşqçinin Berti Foqts olmasına baxmayaraq, çox böyük narahatlıq hissi keçirdiyimizi deməzdim. Amma rəqib olaraq Azərbaycan millisinə böyük hörmətlə yanaşırıq. Eyni zamanda Almaniya yığmasının gücünə çox inanırıq.

mənbə: affa.az
0