Hansı telekanal Georgi Nikolovdan pul istəyib?
04.02.2009 - 19:20
Hansı telekanal Georgi Nikolovdan pul istəyib?
“AFFA prezidenti Rövnəq Abdullayevlə klub rəhbərlərinin bugünkü görüşündə bir sıra konkret təkliflər irəli sürdüm. Yazılı şəkildə təqdim etdiyim təkliflərə baxılmasını istərdim”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Onun sözlərinə görə, Azərbaycanda legionerlərə qoyulan limitin ləğvinin növbəti mövsümə şamil edilməsi yaxşı hal olsa da, rüsum məsələsinə baxılmasına zərurət var: “Hesab edirəm ki, legionerlərin qoyulan rüsumun 20 min manat olması çoxdur. Bu məbləğ aşağı salınsaydı, yaxşı olardı. Mən də bu təkliflə çıxış etdim”.

Nikolov çempionat oyunlarının yayımlanmasından da narazıdır: “Oyunlara yayım hüququ AFFA-da olanda, heç olmasa, hər mövsümə 10 min manat gəlirimiz olurdu. Ancaq yayım hüququnun klublara verilməsindən sonra vəziyyət dəyişib. Hansısa kanala müraciət edəndə, onlar pul vermək əvəzinə bizdən pul istəyirlər. Bu, görünməmiş haldır və yayım hüququ klublarda qalacaqsa, vəziyyət bizim üçün yaxşılığa doğru dəyişməyəcək. Beynəlxalq miqyasda klublar gəlirlərinin 20 faizdən çoxunu yayımdan əldə edir. Ancaq burada isə belədir ki, oyununun yayımına görə kluba pul vermək əvəzinə, klub pul verir. Bu səbəbdən ikinci dövrədə ev oyunlarımızın yayımlanmasını istəmirik. Xaricdə teleyayım hüququ çempionatı keçirən qurumlarda olur. Artıq cari mövsüm Premyer Liqanı keçirən qurum – Peşəkar Futbol Liqası var. Yayım hüququ mərkəzləşərək, bu qurumun sərəncamına verilməsini təklif etmişəm”.
0