Rəşad Sadıqov: Berti Foqts bizə tam başqa futbol öyrətdi
04.02.2009 - 19:53
Rəşad Sadıqov: Berti Foqts bizə tam başqa futbol öyrətdi
“Məni “Kocaelispor”da çox yaxşı qarşıladılar. Digər ölkələrdən, o cümlədən Yunanıstan klublarından təklif alsam da, Türkiyəyə üstünlük verdim. Çünki bu ölkə bizə yaxındır və orada olmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi internet saytına açıqlamasında deyib.

Ötən ayın sonunda Türkiyənin “Kocaelispor” klubuna keçən 27 yaşlı müdafiəçi Superliqaya qayıdışından danışıb. Buna qədər İranda “Fulad”, Türkiyədə “Kayserispor”un şərəfini qoruyan Rəşad yeni komandasında “Hacettepe”ni böyük hesabla (4:0) məğlub etdikləri oyunu xatırladıb: “Türkiyədə oynamaq böyük fiziki güc tələb edir. Hər matça motivasiya olmalısan. Yerli azarkeşlər inanılmaz dəstək verir ki, futbolçular da bundan yararlanır”.

Sadıqov Azərbaycan yığmasının Dubay toplanışına qatılmamağından və komandanın almaniyalı baş məşqçisi Berti Foqts haqda fikirlərini də açıqlayıb: “Mən indi “Kocaelispor”un heyətində möhkəmlənməliyəm. Vətənimdə də bunu başa düşərək, məni Dubay toplanışından azad etdilər. Foqts yığma üçün başqa, sabahı düşünməyən yol da seçə bilərdi. Amma gələcək üçün hesablanan istiqamətdə iş görür. Foqts bizə tam başqa futbol oynamağı öyrətdi. Alman mütəxəssis gənclərə böyük etimad göstərir, bununla gələcək uğurun təməlini qurur. Biz də onun bu yanaşmasını qiymətləndiririk. Foqtsun gördükləri işlər yaxın gələcəkdə nəticəsini verəcək”.

Rəşadın sözlərinə görə, digər azərbaycanlı futbolçular da Avropada oynamaq iqtidarındadır: “Mən xeyli belə futbolçu tanıyıram. Bəs niyə onlar ölkədən kənarda özlərini sınamaq istəmirlər? Çünki Azərbaycanda bu gün iş adamları futbolun inkişafında çox maraqlıdırlar. Və oyunçular da böyük pullar qazanırlar. Bizim mentalitetimizdə əsas cəhətlərdən biri budur ki, oyunçular ailəsinə, evinə yaxın olmaq istəyirlər. Bununla belə, azərbaycanlı oyunçuların ölkədən kənara çıxıb güclü liqalarda oynamalarını təkid edirəm”.
0