Arşavin Azərbaycanla oyuna “Arsenal”da hazırlaşacaq
05.02.2009 - 10:59
Arşavin Azərbaycanla oyuna “Arsenal”da hazırlaşacaq
Rusiya yığması 2010-cu il dünya çempionatının qrup mərhələsində Azərbaycanla oyuna hazırlıq mərhələsində heyətlə bağlı daha bir problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, ruslar fevralın 8-dən 12-dək Türkiyənin Antalya şəhərində keçəcəyi təlim-məşq toplanışında Roman Pavlyuçenkonun ardınca, daha bir hücumçu Andrey Arşavinin də xidmətindən yararla bilməyəcək.

London “Arsenal”ına keçən 27 yaşlı Arşavin artıq bununla bağlı milli komandanın rəhbərliyini məlumatlandırıb. Andreyin Türkiyəyə gəlməyəcəyi haqda məlumat verən Rusiya yığmanın məşqçisi Aleksandr Borodyuk narahatçılığa əsas görmür: “Andreylə danışdıqdan sonra vəziyyəti baş məşqçi Qus Hiddinklə müzakirə etdik. Arşavin hətta özü Hiddinkə zəng etdi. Nəticədə belə qərara gəldik ki, futbolçu “Arsenal”ın düşərgəsində qalacaq. Bu yalnız yığmanın xeyrinə olacaq. Çünki bu müddətdə futbolçumuz “Arsenal”da ilk məşqlərini keçərək, uğurla adaptasiya olunacaq. Ümumilikdə, həm yığmanın, həm də futbolçunun maraqlarına uyğun qərar qəbul etdik”.

Arşavinin yoxluğu ilə Rusiya yığmasının Türkiyə toplanışında 19 futbolçusu qalıb. Ancaq Hiddink Arşavinin yerinə yeni futbolçu götürməməyi qərara alıb.

Qeyd edək ki, Londonun “Tottenhem” klubunda çıxış edən Pavlyuçenko İngiltərə Premyer Liqasında həftəsonu elə “Arsenal”la oyuna görə yığmanın Antalya toplanışında iştirak etməyəcək. Hər iki hücumçu birbaşa milli komandamızla oyuna gələcəklər.

Rusiya – Azərbaycan görüşü martın 28-də Moskvada “Lujniki” stadionunda keçiriləcək.
0