“Kocaelispor”un qələbəsində Ramal iştirak etdi, Rəşad yox
05.02.2009 - 12:01
“Kocaelispor”un qələbəsində Ramal iştirak etdi, Rəşad yox
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Superliqanın 19-cu turu çərçivəsində həftəsonu “Sivasspor”a qarşı keçiriləcək matça hazırlaşan İzmit təmsilçisi yoxlama matçında qüvvəsini sınayıb. “Derincə Bələdiyyəspor”la qarşılaşan “Kocaelispor” ilk yarıda vurduğu iki qolla qalib gəlib. Komandanın baş məşqçisi Erhan Altın əsasən çempionat oyunlarında meydana çıxmayan, həmçinin son günlər transfer olunan futbolçulara şans verib. Bu səbəbdən Rəşaddan fərqli, Ramal qarşılaşmanın iştirakçıları sırasında olub. İlk hissədə meydanda olan Hüseynov fasilədə Mehmet Öztonqa ilə əvəzlənib. Türkiyə mətbuatı yarımmüdafiəçimizin oyununu üç ulduzlu sistemlə 1-ə layiq görüb. Türkiyə yığmasının sabiq oyunçusu – son transferlərdən olan Fatih Akyel də eyni qiymət alıb. “Neftçi”nin sabiq futbolçusu Levent Kartop isə bu görüşdə iki ulduzluq oyun göstərib.
0