Azərbaycan - “Slaviya” görüşündə də ərəb hakimlər
05.02.2009 - 12:38
Azərbaycan - “Slaviya” görüşündə də ərəb hakimlər
Azərbaycan yığması və Çexiyanın “Slaviya” klubu arasında fevralın 7-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək yoxlama matçı yerli hakimlərə tapşırılacaq. Bunu apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, 5 gün öncə keçirilmiş Azərbaycan - Özbəkistan görüşündə (1:1) olduğu kimi, yığmamızın növbəti oyununu da ərəb hakimlər idarə edəcəklər.

“Qarşılaşmanın Dubayda təşkil olunacağını nəzərə alıb, hakimlər briqadası ayırmaq üçün yenə Birləşmiş Ərəb Əmirliklərinin Futbol Assosiasiyasına müraciət ünvanlamışıq. Yəqin ki, hakimlərin adları oyuna 24 saat qalmış açıqlanacaq” - deyə Məmmədov vurğulayıb.

Baş katib fevralın 11-də Əl-Küveyt şəhərində oynanılacaq Küveyt - Azərbaycan yoldaşlıq görüşünə də toxunub. Assosiasiya rəsmisi qeyd edib ki, bu oyunu hansı ölkənin hakimlərinin idarə edəcəyi hələlik məlum deyil: “Çünki biz qonaq qismində çıxış edəcəyik. Buna görə də hakimlərin təyinatı küveytlilərin səlahiyyətlərinə aiddir”.
0