İranlı futbolçudan şok açıqlama: Azərbaycan xalqından üzr istəyirəm
05.02.2009 - 13:07
İranlı futbolçudan şok açıqlama: Azərbaycan xalqından üzr istəyirəm
“Qəbələ”ni öz istəyimlə tərk etmişdim. Bura gələndə danışığımız belə olmuşdu ki, altı aydan sonra komandadan ayrıla bilərəm. Ancaq adını açıqlamaq istəmədiyim digər kluba transferimdə problem yarandı”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun ilk dövrədən sonra transferə çıxardığı iranlı hücumçu Fərzad Hatəmi deyib.

Özünü daha güclü çempionatda sınamaq istəyən 23 yaşlı futbolçu geri qayıtmasını məcburi addım saymır: “Məni İranda çoxlu komandalar heyətində görmək istəyirdi. Ancaq həmin variant alınmadıqda, “Qəbələ”yə qayıtmağa üstünlük verdim. Vitse-prezident Fariz Nəcəfovla söhbətimdə geri qayıtmağımda problem olmadığı məlum oldu. Cari mövsümün sonuna qədər burda oynamaq istəyirəm”.

Əslən Cənubi Azərbaycandan olan Hatəmi cari mövsümdə ilk het-trikin müəllifi kimi tarixə düşüb. “Qəbələ”nin MOİK-i “Şəfa” stadionunda böyük hesabla məğlub etdiyi (3:0) oyunda hər üç qolun müəllifi olan ucaboylu hücumçu bundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts tərəfindən dəvət alıb. Ancaq bu təklifi qəbul etməyən Hatəmi imtinasını belə əsaslandırıb: “Azərbaycan yığmasında Berti Foqts kimi tanınan mütəxəssisin rəhbərliyi altında oynamaq mənim üçün böyük fəxr olardı. Milli komandanıza şəraitdən narazı olduğuma görə gəlməmişəm. İranı yox, Azərbaycan yığmasını seçsəydim, problemlər yarana bilərdi. Söhbət İranda yaşayan ailəmə, qohumlarıma təzyiq edilməsindən getmir. Sadəcə, mənə başqa gözlə baxacaqdılar. Deyəcəkdilər ki, İranı pula satıb, Avropada oynamağı üstün tutdu. Mən belə münasibətlə üzləşmək istəmirəm”.

AFFA rəhbərliyinin danışıqlar aparmaq üçün Fərzadın Tehranda yaşayan atasını Bakıya dəvət etsə də, bu səfər baş tutmadı. O, milli komandamızda oynaması kimi bu məsələnin artıq bağlandığını söyləyib: “Əsas problem elə atamla bağlı idi. O, Azərbaycan yığmasında oynamağıma razı deyildi. Milli komandamızda oynamaq istəsəm də, vəziyyətə görə bunu qəbul edə bilmədim. Buna görə, Azərbaycan xalqından üzr istəyirəm. İmtinamdan sonra mənə Azərbaycan yığmasından növbəti təklif gəlməyib. İran yığmasında çıxış etmək istəyirəm və dəvət də gözləyirəm. Fikrimcə, ölkənizdə oynadığım vaxtda çağırıla bilərəm. İranda məndən Azərbaycan futbolçu haqda soruşublar və mən də xoş sözlərimi demişəm. “İnter”, “Bakı”, “Xəzər-Lənkəran”, “Neftçi” kimi klublar İranın yüksək liqasında layiqli çıxış etmək iqtidarındadır”.

Qeyd edək ki, Fərzad Azərbaycanda oynayan ilk iranlı futbolçudur.