Georgi Kondratyev: Sonuncu səbətdən Azərbaycanı yox, başqa komandanı istəyirdim
05.02.2009 - 15:18
Georgi Kondratyev: Sonuncu səbətdən Azərbaycanı yox, başqa komandanı istəyirdim
“Sonuncu səbətdən Azərbaycan milli komandasının yox, başqa yığmanın çıxmasını istəyirdim. Hər halda, həmin səbətdə Azərbaycanla yanaşı, Farer adaları, Malta, San-Marino və Andorra kimi rəqiblər də var idi. Onlarla oynamaq qafqazlılarla müqayisədə daha asan olardı. Amma, nə etmək olar, eybi yox...” Apasport.az saytının məlumatına görə, bu fikirləri Belarusun 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Georgi Kondratyev bildirib.

21 yaşınadək futbolçulardan ibarət milli komandalar arasında 2011-ci il Avropa çempionatının seçmə mərhələsində yığmamızın rəqibi olan belarusluların çalışdırıcısı Danimarkada atılan püşkünün nəticələrini qənaətbəxş sayır: “Komandamızın yer aldığı qrupdakı yığmaların bərabər səviyyəli olduğunu söyləmək olar. Rəqiblərimizin hər biri yüksək yerlərə iddia edə bilər ki, onlarla oyunlarımız da çətin alınacaq. Birinci səbətlə bağlı bəxtimiz gətirdi ki, rəqibimiz Avstriya oldu. 2009-cu ilin qitə çempionatının pley-off mərhələsinədək irəliləyən avstriyalılar zəif olmasa da, Avropanın nəhənglərindən sayılmır. Üçüncü səbətdə üç təhlükəli rəqib var idi – Hollandiya, Belçika və Şotlandiya. Onlardan biri ilə qarşılaşmalı olacağıq”.

Kondratyev tərtib olunan təqvimlə bağlı da fikrini açıqlayıb: “Biz seçmə mərhələni iyunda başlamağı təklif etsək də, heç kim bizimlə razılaşmadı. İndi avqustadək gözləməli olacağıq. Amma təqvimlə bağlı bacardıqlarımızı etdik”.

Qeyd edək ki, 10-cu seçmə qrupda Azərbaycan və Belarus yığmaları ilə yanaşı, Şotlandiya, Avstriya və Uels komandaları da mübarizə aparacaq.
0