Ponomaryov: Mənə Əhməd Dursunla Fatih Sonkayanın adı yox, oyunu lazımdır
05.02.2009 - 16:45
Ponomaryov: Mənə Əhməd Dursunla Fatih Sonkayanın adı yox, oyunu lazımdır
“Turnir cədvəlində ilk 6-7 pilləni tutan klubların hamısını favorit sayıram. Çünki bu komandaların liderlə xal fərqi elə də böyük deyil. Heyətimizi gücləndirdikdən sonra hər görüşdə yalnız qələbə üçün döyüşəcəyik”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib.

Tanınan türkiyəli futbolçular Əhməd Dursunla Fatih Sonkaya, habelə isveçli Nadir Bençenanı alan Lənkəran təmsilçisinin çalışdırıcısı transfer siyasətindən razı qalıb: “Bizə müəyyən mövqelərə oyunçular lazım idi və konkret transferlərə imza atdıq. Rəşad Abdullayev ağır zədə səbəbindən uzun müddətə sıradan çıxdıqdan sonra bizə mütləq sağ cinah yarımmüdafiəçisi lazım idi. Fatih Sonkaya kimi təcrübəli futbolçu buna uyğun gəldi. O, həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında oynaya bilir. Artıq transfer məsələsi həll olunan Fatih yaxış günlərdə düşərgəmizə gələcək. Əhmədlə Nadir isə artıq Lənkərandadır. Komandamızın sağ cinahı “axsayır”dısa, əksinə, Rəşadın sıraya dönməsindən sonra böyük rəqabət olacaq. Estoniyanın “Varpus” klubundan baxışa çağırdığımız Oleq Kovalenkonun cəmi 20 yaşı olması diqqət çəkir. Sağ cinah hücumçusu kimi çıxış edən bu ukraynalını sınayıb, qərarımızı verəcəyik”.

Vaxtilə “Beşiktaş” və Türkiyə yığmasında oynayan Sonkaya adlı-sanlı futbolçu olsa da, Ponomaryov bunu həlledici amil saymır. Baş məşqçinin fikrincə, futbolçunun adı yox, oynaması vacibdir: “Əhmədlə Fatih öz sözlərini demiş təcrübəli oyunçulardır. Ancaq əsas məsələ onların meydanda özlərini necə göstərmələridir. Futbolçu ona bəslənilən böyük ümidləri oyunu ilə doğrultmalı, özünü təsdiqləməlidir. Svetkov kimi təcrübəli hücumçumuzun yanında Dursun tipli hücumçu lazım idi. Düzdür, Əhməd son gündə məşqlərdən kənarda qalıb ki, bu da xəstə olması ilə bağlı olub. Fatih isə fasilə müddətində məşqlərinə ara verməyib. İkinci dövrənin startına qədər yeni oyunçuları tam hazır etməyə çalışacağıq”.

Ponomaryov bildirib ki, türkiyəli oyunçularla anlaşma cəhətdən ciddi problem olmayacaq: “Azərbaycan dilində danışa bilirəm və türkiyəlilər də bunu anlayır. Düzdür, Əhmədə azəri türkcəsinə tam yiyələnmək üçün müəyyən vaxt lazımdır. Yarım ildir komandamızda olan Göksəl Akıncı bu problemi artıq arxada qoyub. Azərbaycan və rusla yanaşı, ingilis və isveçcə də danışa bilirəm. Komandamızda portuqal dilini bilən tərcüməçi var. O, braziliyalı oyunçularla ünsiyyət qurmaqda bizə yardımçı olur. Bir sözlə, anlaşma baxımdan işlər qaydasındadır. Hər halda, futbolun dili eynidir və anlaşmanı ciddi problem saymıram”.
0